Müstəqillik yolunda atılan ilk addımlar


Baxıldı : 315

Tarix : 2015-11-13 04:40:00


1988-ci il noyabrın 17-də Bakıda proletariatın \ dahi rəhbəri\ Leninin adını daşıyan meydanda Sovet dövlətinin xalqımıza qarşı apardığı anti - Azərbaycan siyasətinə etiraz əlaməti olaraq sonu bilinməyən mitinqlər başladı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl milli azadlıq hərəkatı idi. Milli azadlıq hərəkatı niyə məhz dediyimiz tarixdə açıq və kütləvi xarakter aldı? Siyasi elmlər doktoru, politoloq Elman Nəsirov qəzetimizə müsahibəsində bildirib ki, bu hadisələrin baş verməsinin bir sıra obyektiv səbəbləri var idi. Birincisi, \ Sovet İttifaqı\ XX əsrin son yüzilliyi ərəfəsində çökmək üzrə idi. Bir çox psixoloq onun çökməsini şam işığının sönməsi ilə müqayisə edir. Qeyd edirlər ki, şam işığı sönməyə yaxınlaşdıqca daha güclü yanmağa, alovlanmağa başlayır. İmperiya da dağılma ərəfəsində, son günlərini yaşadığı bir vaxtda öz qüvvəsini tam səfərbər etmək istəyir, növbəti addımları ilə öz məhvinə hökm oxuyurdu. Bu nöqteyi-nəzərdən bu imperiyanın həm Litvada, həm Gürcüstanda törətdiyi qanlı hadisələr, Azərbaycanda 20 Yanvar vandalizm aktları nəticə etibarilə onun tamamilə dağılmasını sürətləndirdi. Təbii ki, sovet rejimi çökdükcə onun xalqlara, o cümlədən bizə təzyiqləri də artmışdır. Bir çox hallarda təxribatlar hazırlanırdı ki, Azərbaycan xalqını cəzalandırsın. Əhali tərəfindən Naxçıvanda və Cəlilabadda İranla sərhəddə məftillərin kəsilməsinə, sərhədin dağıdılmasına rus əsgərlərinin seyrçi qalması, sakit izləməsi də hansısa düşünülmüş hadisələrin olacağından xəbər verirdi. Yəni məqam gözləyirdilər ki, insanları cəzalandırmaq üçün əllərində əsas olsun, güc tətbiq etsinlər. Təbii ki, Azərbaycan xalqının ayağa qalxması, xüsusilə ərazi bütövlüyü məsələsində tutduğu mövqe, Ermənistandan qovulan soydaşlarımızın taleyi, ermənilərin Dağlıq Qarabağda törətdiyi təxribatlar, ərazilərimizi zəbt etməyə başlaması və sair ona dəlalət edirdi ki, sovet rejimi belə hadisələrin baş verməsinə həm münbit şərait yaradır, həm də bundan istifadə edirdi. Sovet hakimiyyəti İranla Azərbaycan arasında olan sərhəddə baş verən hadisələrə biganə yanaşsa da, digər tərəfdən ermənilərin törətdikləri iğtişaşlara göz yumur, hətta onlara həm siyasi, həm də hərbi dəstək verirdi. Bu isə xalqımızın azadlıq ruhunun daha da güclənməsinə şərait yaratdı. İmperiyanın zəifləməsi də bu niyyətin gerçəkləşməsi üçün əlverişli zəmin oldu. Bütün Azərbaycan xalqı bu reallıqlar sonunda ayağa qalxıb öz dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə başladı. Və 1918-1920-ci illərdə müstəqil olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinin bərpasına çalışıldı. Bütün bu olaylar isə məlum noyabr hadisələrini şərtləndirdi və daha çevik xarakter aldı. Eyni zamanda ümummilli lider Heydər Əliyevin Naxçıvanda Ali Sovetin binası qarşısında Azərbaycanın üçrəngli bayrağını qaldırması və bu məsələ ilə bağlı Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırması sonda onun dövlət rəmzi kimi qəbul edilməsinə səbəb oldu. Qeyd etmək istəyirəm ki, bu, müstəqillik yolunda atılan ilk addımlar idi, onu əldə etmək üçün çox çətin mübarizə dövrü keçilmişdi. Amma ən əsası isə qazanılan bu müstəqilliyin qorunub saxlanılmasıdır. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci ilin oktyabrında qəbul edilsə də, bu, formal xarakter daşıyırdı. Hakimiyyət idarəçiliyində birlik yox idi, torpaqlar işğal edilmişdi. 1991-ci ilin dekabrında isə artıq SSRİ adlı dövlətin süqutu gerçəkləşdi. Tədricən digər respublikalar da müstəqillik qazandı. Azərbaycan mübarizənin gedişatında daha öncül mövqedə dayanmışdı. Amma buna baxmayaraq, real müstəqillik elementləri, demək olar ki, yox idi. Ona görə də Azərbaycanda bir tərəfdən hakimiyyət böhranı, bir tərəfdən dövlətin paraçalanmaya məruz qalması, vətəndaş qarşıdurmasının alovlanması və digər bu kimi hadisələr baş vermək ərəfəsində idi. Təbii ki, belə bir vəziyyətdə xalq Heydər Əliyevə müraciət etdi və onun yenidən hakimiyyətə qayıtmasını istədi. Ulu öndərin hakimiyyətə gəlişindən sonra real müstəqilliyin əsası qoyuldu, vətəndaş həmrəyliyi əldə edildi. Nizami ordu quruculuğu işlərinə başlanıldı, islahatlar aparıldı, iqtisadi inkişafa start verildi. Azər MUSTAFAYEV