Müstəqilliyə gedən yol


Baxıldı : 298

Tarix : 2015-10-16 01:24:00


Xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, bu tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idiTarix göstərir ki, hər bir millət özünün müstəqil dövlətini qura bilər, lakin onu uzun müddət qoruyub saxlamaq, yaşatmaq heç də asan deyil, bu, hər xalqa nəsib olmur.Azərbaycan xalqı da XX əsrdə iki dəfə müstəqil olmaq şansı əldə edib. Keçən əsrin əvvəllərində Şərqdə müsəlman aləmində ilk dəfə müstəqilliyə qovuşan dövlətimiz cəmi 23 ay yaşadı. Xarici müdaxilə, daxildə çəkişmələr və beynəlxalq təminatın olmaması suverenliyə son qoydu. Əlbəttə, hadisələrin belə cərəyan etməsində qədim tarixi torpaqlarımızda məskunlaşaraq özlərinə dövlət quran mənfur qonşumuz az rol oynamadı. İkinci tarixi bir imkan isə XX əsrin sonlarında yarandı. SSRİ-nin süqutunun yaxınlaşması xalqımızın bu istəyinin reallaşmasına zəmin yaratdı. Həmin ərəfədə meydanlar kükrəyir, insanların azadlıq sədaları səngimək bilmirdi. Uzun illər boyu həsrətində olduqları azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, 20 Yanvar qırğınını görmüşdü. İmperiyanın silahlı hərbi birləşmələri də artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurban vermiş Azərbaycan inadla və inamla müstəqilliyə doğru addımlayırdı. Payız fəslinin olması, havaların soyuqluğu da insanları öz amalından döndərə bilmədi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb. Referendum bülleteninə bir söz yazılmışdı: \ Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı\ na tərəfdarsınızmı?\ Əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Artıq 1991-ci il oktyabrın 18-dən Azərbaycan suveren bir ölkəyə çevrildi. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. İstiqlala yenicə qovuşmuş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Tədricən bir sıra dövlətlər suverenliyimizi tanımağa başladılar. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar. Azərbaycanın BMT-yə üzv qəbul olunması isə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınması demək idi. Lakin iki il sonra, bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan bəzi səriştəsiz adamların yeritdikləri səhv siyasət və ölkədə baş alıb gedən hərc-mərclik müstəqilliyin yenidən itirilməsi təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənməyə başladı. İndi xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyini qoruyub saxlayır. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində qazanılıb və indi də uğurla davam etdirilir. Azər MUSTAFAYEV