Məsuliyyətli 10 gün


Baxıldı : 170

Tarix : 2015-01-31 04:32:00


TİAHİ Salyan Rayon Komitəsinin növbəti seminarı hesabat-seçki yığıncaqlarının təşkilinə həsr olunmuşdu. Rayon Təhsil Şöbəsinin akt zalında keçirilən seminarda ilk həmkarlar ittifaqı komitələrinin sədrləri və təhsil müəssisəsinin rəhbərləri iştirak edirdi. Rayon komitəsinin sədri Yaqut Ələsgərova seçki kampaniyası ilə əlaqədar geniş məlumat vermişdir. Demişdir ki, rayonumuzda hesabat-seçkilər fevral ayının 1-dən mart ayının 10-na qədər keçiriləcək. Bu on gün hər birimiz üçün məsuliyyətli bir dövrdür. Hesabat-seçki yığıncaqlarında ötən illərdə görülən işlərə yekun vurulacaq, qarşıda duran vəzifələr müəyyənləşdiriləcək, ilk həmkarlar ittifaqı təşkilatlarına sədrlər seçiləcək. Təşkilatlarımıza sədr vəzifəsinə elə insanları seçməliyik ki, onlar ünsiyyət yaratmaq, dialoqa girmək, işçilərin hüquq və mənafelərini qorumaq bacarığına malik olsunlar. Həm də bu insanlarda məsuliyyət, diqqət, humanist, qayğıkeş keyfiyyətlər cəmləşsin. Çünki o, böyük bir kollektivi təmsil edir. Lider seçərkən gənclərə və qadınlara üstünlük verilsin.Tədbirdə çıxış edən ilk həmkarlar ittifaqı təşkilatı sədrləri Ə.Salmanov, B.Səlimov, X.İsmayılova, N.Əsgərova və başqaları təhsil müəssisələrində hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə baglı aparılan işdən danışdılar və TİAHİ Respublika Komitəsinə, onun sədri, millət vəkili Səttar Mehbalıyevə ilk təşkilatlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər. Seminarda həmçinin üzv təşkilatlarda müdiriyyət və həmkarlar ittifaqı təşkilatlarının işbirliyindən də söhbət açıldı. Ortaya çıxan problemlərin həllinə dair fikir mübadiləsi aparıldı. Kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsi, əmək müqavilələrinin bağlanması, əməyin mühafizəsinin qorunması, sənədlərin qaydaya salınması barədə suallara ətraflı cavab verildi.Sonra seminar iştirakçılarına hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə əlaqədar rayon komitəsinin qərarı, ssenarisi, tövsiyələr, hesabatda toxunulacaq məsələlər haqda sənədlər verildi. Hesabat-seçki yığıncaqları keçiriləndən sonra rayon komitəsinə veriləcək sənədlərin nümunələri paylandı. Sonda Y.Ələsgərova ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının qənaətbəxş keçiriləcəyinə əminliyini bildirdi.B.RZAYEV