Maaş və pensiyalar artırıla bilər


Baxıldı : 200

Tarix : 2016-01-09 04:56:00


Manatın devalvasiyasından sonra maliyyə və sosial sektora dəyən zərərlərin qarşısının alınması məqsədilə hökumət müxtəlif sosial tədbirlər görməyi planlaşdırır. Yeni devalvasiya bu dəfə qiymət bazarına daha sarsıdıcı təsir göstərdiyindən insanların aylıq gəlirləri real dəyərini itirməyə başlayıb və bu amil onların xərclərinin artmasına səbəb olacaq. Xüsusilə də əhalinin aztəminatlı hissəsinin bahalaşmanın fəsadlarını daha çox hiss edəcəyi istisna deyil. Maliyyə Nazirliyi artıq bu məsələlərin həlli məqsədilə müvafiq təhlillər aparmağa başlayıb. Nazirlikdən verilən xəbərə görə, bu ilin əvvəllərində bazardakı inflyasiyanın və yeni məzənnə siyasəti nəticəsində yaranmış sosial itkilərin qarşılanması ilə bağlı təkliflər paketi hazırlanacaq. Bununla da büdcənin sosial xərclər və əməkhaqqı fondu ilə bağlı xərclər bölməsinə yenidən baxılacaq. 2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı manat -dollar nisbəti əvvəlki valyuta kursu ilə götürüldüyündən büdcə gəlirlərinin və büdcə xərclərinin xarici valyutada ifadə edilmiş dəyəri də avtomatik olaraq dəyişir. Buna görə də aradakı fərqə uyğun olaraq hesablanmanın dəyişikliyi aparılacaq, manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlər ediləcək. Bu zaman sosial xərclərin artırılması meydana gələ bilər və hökumət bir neçə qrup üzrə sosial kateqoriyanın (aztəminatlı ailələrə, təqaüdçülərə, sağlamlıq imkanları məhdud olan şəxslərə, tələbələrə və digər sosial ödənişlər alan əhali qrupları) verilən ödənişlərin müvafiq indeksləşdirilməsi həyata keçiriləcək.Dövlət büdcəsinə dəyişikliklərin mart -aprel aylarında ediləcəyi nəzərdə tutulur.ELBRUS