“Maarifçi" Tələbə Kredit Fondundan daha bir güzəşt


Baxıldı : 77

Tarix : 2017-09-23 00:54:51


2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi" Tələbə Kredit Fondu tərəfindən tələbələrin təhsilinin davamlı olması və aztəminatlı ailələrə bərabər imkanlar yaradılması üçün kreditlərin verilməsi təklif edilib. Bu ildən isə fondun tələbələrə verdiyi təhsil haqqı üzrə kreditlər faizsiz olub. Yeni güzəştin tətbiqinin hansı üstünlükləri olacaq və borcun geri ödənməsi prosesi necə həyata keçiriləcək?

Təhsil üzrə ekspert Kamran Əsədov suallara aydınlıq gətirdi: "Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır və bu tələbələrin 70 faizi ödənişli əsaslarla oxuyur. Sirr deyil ki, Azərbaycanda təhsil haqları vətəndaşların çoxunun gəlirlərinə uyğun deyil. Ona görə də müəyyən qədər tələbə var ki, onlar təhsil haqqını  ödəyə bilmədiyi üçün təhsillərindən məhrum olur. Bu kreditlərdən yalnız 14 universitetin tələbələri istifadə edə bilərlər. Bu da ona görədir ki, əslində pulu təsisçi və tərəfdaş olan universitetlər ayırır. Yəni hər bir universitet özü müəyyən sayda tələbələrə təhsil haqlarının birbaşa deyil, hissə-hissə ödənməsi ilə bağlı kvota müəyyənləşdirib. Və bu pulu verən nə Təhsil Nazirliyidir, nə də fonddur. Bu fonda Azərbaycan vətəndaşlığını daşıyan, təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan və ailə üzvlərindən heç birinin banka kredit borcu və ya borcu olmayan tələbələr müraciət edə  bilərlər. İndiyə qədər 118 tələbə ilə 135 kredit müqaviləsi imzalanıb və nəzərə alsaq ki, 160 min tələbənin fonunda 135 nəfərlə bu müqavilə imzalanıb, bu, olduqca aşağı rəqəmdir. Dünya praktikasına gəldikdə isə deyə bilərəm ki, Amerika və Kanadada 10 milyondan çox tələbə bu cür kreditlərdən yararlanır. Hətta Türkiyədə güzəştlər tamam fərqlidir. Orada əgər qız tələbələr təhsil aldıqları müddətdə ailə həyatı qurarlarsa, dövlət onların kredit borclarını avtomatik olaraq bağlayır".

Layihəyə əsasən, fond tərəfindən veriləcək bu kreditləri tələbələr univeristeti bitirdikdən 1 il sonra, növbəti 5 il ərzində qaytarmalıdırlar. "Bəs universiteti bitirdikdən sonra iş tapa bilməyən tələbənin borcu ödəmə prosesi necə olacaq?" sualına aydınlıq gətirən ekspert bildirdi ki, ölkəmizdə hələ də universitet məzunlarının işlə təmin olunması ciddi problem olaraq qalır: "Bu günləri Azərbaycanda ali təhsil müəssislərini bitirənlərin cəmi 42 faizi işlə təmin olunub. Və nəzərə alsaq ki, işlə təmin olunma yalnız imtahan yolu ilədir, ona görə də hesab edirəm ki, bu pulu ödəmələrdə problem olacaq. Çünki universiteti bitirəndən bir il sonra bütün məbləği ödəməyə başlayacaqlar. Ancaq onu da qeyd edim ki, bu məsələnin müsbət tərəfi də var. Qeyd olunan vaxt ərzində borcunu ödəyə bilməyən tələbənin işlə təmini üçün aidiyyəti dövlət qurumları qarşısında vəsatət qaldırılır. İşlədiyi müddətdə isə şəxsin işləməsi haqqında məşğulluq xidmətinə məlumat verilir və gəlirdən borca düşən hissəsi çıxarılır".

Aliyə SƏMƏDOVA