Maarifləndirici və profilaktiki tədbirlərə start verildi


Baxıldı : 100

Tarix : 2020-02-07 14:59:27


Məlum olduğu kimi, bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsi Çinin Uxan bölgəsində geniş yayılan və artıq dünyanın bir sıra digər ölkələrində də qeydə alınan yeni koronavirusla (2019-nCov) bağlı bəyanat verib. Komitənin qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən hələlik fövqəladə vəziyyət elan edilməsə də, bütün ölkələrə bu virusun yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərə hazır olmaları və məlumatları ÜST-ə təqdim etmələri tövsiyə olunur.

Bu virusun Azərbaycana daxil olmasının qarşısının alınması üçün zəruri işlər görülür. Bu məqsədlə ölkə Prezidenti İlham Əliyev aidiyyəti təşkilatlara müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı xüsusi tapşırıqlar verib.

AMEA-da da müvafiq profilaktiki tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

Akademiyanın idarə, müəssisə və təşkilatlarının həmkarlar ittifaqı təşkilatları əmək kollektivləri ilə birgə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahədə xüsusi təcrübəyə malik Sanitar Epidemioloji Stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyəti orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini həyata keçirəcəklər.

***

Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda müəssisənin Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İnfeksion xəstəliklərdən qorunma yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Komitənin sədri, dosent Elxan İsakov ölkə başçısının tapşırığına əsasən, son zamanlar geniş yayılan, xüsusən 23 ölkədə mövcudluğu rəsmi olaraq təsdiq edilən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinə başlanıldığını, profilaktik tədbirlərin gücləndirildiyini akademiya institutlarının da bu prosesdən kənarda qalmadığını qeyd edib.

O bildirib ki, bu sahədə xüsusi təcrübəyə malik sanitar epidemioloji stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyəti orqanların cəlb edilməsi yolu ilə akademiyanın elmi müəssisə və təşkilatlarında maarifləndirici tədbirlərin həyata keçirilməsinə start verilib.