Maarifləndirildilər və problemlərini öyrəndilər


Baxıldı : 32

Tarix : 2018-08-03 20:18:25


Iyulun 18-də Quba şəhərində Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Layiqli əməyin təşkilində həmkarlar ittifaqı təşkilatlarının rolu” mövzusunda regional seminar keçirilib. Respublika Komitəsinin sədri Telman Quliyev mövzuya dair geniş məruzə söyləyib. Bildirib ki, layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqlarının vəzifələri  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında qəbul edilmiş Əsas İstiramətlərdə dəqiq müəyyənləşdirilib. Təşkilatımız öz işini bu istiqamətlərə uyğun qurmağa çalışır. Bu sahədə nümunə ola biləcək nəticələr də əldə olunub. Lakin hələ görüləsi işlərimiz də çoxdur.

Sədr hər bir işçinin əməyinin layiqincə dəyərləndirilməsi üçün həyata keçirilməsi vacib olan məsələlərə çıxışında geniş yer ayırdı.

Nazirliyin hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturlarının optimallaşdırılmasının hüquqi əsasları”ndan danışdı.

Seminarda 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin HİK sədri Arif Əhmədov, Samur-Yalama Milli Parkının HİK sədri Rukməddin Xeybərov, Quba Regional Meşə Təsərrüfatının HİK sədri Çimnaz Babayeva, təsərrüfatın direktor müavini Rafiq İsgəndərovun mövzu ilə bağlı çıxışları dinlənildi.

Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Qoşqar Həmzəyev müxbirimizə bildirdi ki, seminarı keçirməkdə əsas məqsədimiz həmkarlar ittifaqı təşkilatı liderlərini, fəallarını, hüquq mütəxəssislərini layiqli əməyin təşkilində iştirakın forma və metodları barədə maarifləndirməkdir. Seminara məruzələrdə işəgötürən- işçi münasibətləri, ictimai nəzarət barədə söhbət getdi. Əmək Məcəlləsinin müvafiq maddələrinin, digər qanunverici aktların izahı verildi.

Çıxışlarda bir çox problemlər də qaldırıldı, təkliflər səsləndi. Deyildi ki, mövsümi işlərdə çalışanlar əməkhaqlarını almaqda bəzən çətinliklərlə üzləşirlər. İşçi geyimləri, iş alətləri ilə, işçilərin və sakinlərin odunla təminatı aşağı səviyyədədir. İş vaxtından sonra meşələrin və ətraf mühitin qorunmasının hüquqi tənzimlənməsinin təmin olunmasına da ehtiyac var.

Bu və digər təkliflər Respublika Komitəsi əməkdaşları tərəfindən araşdırılmaq və məsul qurumlara təqdim olunmaq üçün qeydə alındı.

Sonda dinləyicilərin sualları cavablandırıldı.