Maarifləndirmənin önəmi diqqətə çatdırılıb


Baxıldı : 50

Tarix : 2017-09-29 23:47:58


İndustriALL Qlobal İttifaqı Yaxın Şərq və Şimali Afrikada qadınların hüquqlarının qorunmasında fəal rol oynayır. İordaniya və Tunisdə qadınların hüquqlarının müdafiəsi yönündə hökumətlə razılaşmalar əldə olunub. Mərakeş parlamentində hüquqların bərabərliyini nəzərdə tutan qanunvericiliyin maddələrin hazırlanmasında ittifaq üzvləri də yer alıb.

İttifaq 2016-cı ilin avqust ayında Yaxın Şərq və Şimali Afrikada qadınlara yönəlmiş şiddətin qarşısını almaq üçün kampaniya başladıb. Kampaniya çərçivəsində qeyd olunan ölkələrdə şiddətin dayandırılması, qadınların maarifləndirilməsi yönündə qanunvericilikdə dəyişikliklərin təklifi ilə bağlı müəyyən nəticələr əldə olunmuşdur. Tunisdə əldə olunan razılaşmada təkcə fiziki şiddətin deyil, psixoloji və ekonomik basqının önlənməsi yönündə mətbuatın və maarifləndirmənin önəmi diqqətə çatdırılıb. Burada yeni dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan birinin zorla evləndirilməsi zamanı onun polisə müraciəti  hadisənin qarşısının alınması üçün yetərli olacaq. Eyni qərarın İordaniyada da müzakirəsi aparılır. Statistik nəticələrə görə, Tunisdə  işləyən qadınların 54 faizə qədəri fərqli zorakılıq hallarına məruz qalır. Bu vəziyyət digər ölkələr üçün də keçərlidir və çox zaman belə hallar gizlədilir.

İndustriALL-ın bölgə üzrə koordinatoru Latifa Benvakrim qadınların evdə, işdə, küçədə, taksidə və s. yerlərdə ayrı-seçkiliyə və şiddətə məruz qaldığını deyib.

Qeyd edək ki, kampaniya çərçivəsində keçirilən toplantılarda qadınlara bərabər hüququn tanınması, idarə heyətində onların liderliyinin dəstəklənməsi yönündə izlənən strategiya müzakirə olunur. Bu yöndə BƏT- in konvensiyalarının hökumətlər tərəfindən ratifikasiyasına dair danışıqların nəticələri barədə məlumat verilir.

Cavid SƏFƏROV