Maaş artımı tələbi ilə bağlı tətil kampaniyasına dəstək çoxalır


Baxıldı : 28

Tarix : 2018-11-08 06:46:02


Avstraliyanın Tasmaniya bölgəsində dövlət müəssisələrində çalışanların maaşlarının artırılması üçün 5 ay öncə hökumətə müraciət olunsa da, danışıqlardan heç bir müsbət nəticə əldə olunmayıb.  Bununla bir sıra sektorda çalışanlar maaş artımı tələbi ilə müxtəlif şəkildə öz etirazlarını bildiriblər. Polis işçiləri hər hansı tətil keçirə bilməsə də, bölgədə sürücülərin içkili olub-olmamasını yoxlayan xidmət işçiləri tətil elan edib . Bununla da şəhərdəki yoxlamaların 90 faizə yaxını dayandırılıb. Mütəxəssislər bildirir ki, bu vəziyyət digər sürücülərin təhlükə ilə üzləşməsinə və yol qəzalarının artmasına səbəb olacaq.

Tətillər dövlət xəstəxanalarında da müşahidə olunur. Əsasən tibb bacıları və təmizlik işçilərinin qoşulduğu tətil kampaniyasına həkimlərdən də dəstək gəlib. Bu da  xəstəxanalarda növbələrin çoxalmasına, otaqların təmizliyinin aparılmamasına, xüsusi xidmət tələb olunan xəstələrin diqqətdən kənarda qalmasına gətirib çıxarıb. Bəzi xəstəxanaların, sadəcə, təcili tibbi yardım şöbəsi fəaliyyət göstərir. Etirazçılar tez bir zamanda tələb olunan 2 faizdən çox maaş artımının tətbiqinin həyata keçirilməsini istəyirlər.

Tətil kampaniyasına müəllimlər də dəstək veriblər. Onlar iş saatları xaricində çalışmayacaqlarını, gələn elektron məktubları cavablandırmayacaqlarını bildiriblər. Digər sektorlarda da maaş artımı ilə bağlı tətil kampaniyasına dəstək getdikcə artmaqdadır.

Həmkarlar ittifaqı təşkilatları birgə mübarizəyə çağırış edib və maaşların illik 2 faizdən daha çox artması tələbində qərarlı olduqlarını bildiriblər. Ölkənin həmkarlar ittifaqı təşkilatının nümayəndəsi   Tom Lunç verdiyi açıqlamada deyib ki, üzvlərimiz Tasmaniya üçün çalışır. Onların təhlükəsizliyi və əməyinin lazımi qiymətləndirilməsi  bizim əsas tələbimizdir.