Maaş azlığına qarşı növbəti nümayiş


Baxıldı : 98

Tarix : 2018-07-07 00:12:50


Argentinada maaşların azlığı ilə əlaqədar paytaxt Buenos-Ayresdə müəllimlərin birgünlük nümayişi keçirilib. Ölkənin Təhsil İşçiləri Birliyi tərəfindən təşkil olunan aksiyada minlərlə müəllim maaşlarının minimum əməkhaqqına yaxın miqdarda olmasına etiraz ediblər. Birliyin baş katibi Eduardo Lopez çıxışında bildirib ki, bu bizim yoxsulluğa qarşı mübarizəmizdir: “Argentinada müəllimlərın maaşı çox aşağıdır və bu, onların normal qidalanma və sosial fəaliyyətləri üçün yetərsizdir. Əməkhaqqının minimum 15 faiz artırılmasını tələb edirik”.

Universitet professoru Milena Lamoneqa “Reuters” agentliyinə verdiyi müsahibədə inflyasiya və vergilərin artırılması ilə əlaqədar təyin olunan maaşların yetərsizliyini dilə gətirib. O qeyd edib ki, hökumətlə məsələ danışıqlar masasında öz həllini tapmalı və tələb edilən artım qəbul olunmalıdır.

Hökumətin iki ildə izlədiyi siyasət nəticəsində təhsil, səhiyyə və digər sahələrdə ciddi itkilər baş verib. Təkcə təhsil işçilərinin bu il beşinci təşkil etdiyi tətildir ki, hələ də hər hansı danışıq və razılaşmadan söhbət gedə bilməz.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Argentinaya büdcə kəsirlərinin ödənilməsi və  milli valyutanın gücləndirilməsi məqsədilə 50 milyard ABŞ dolları yardım paketini təsdiqləyib. Bununla bir çox sektor işçiləri maaşların artırılması ilə bağlı tələblərini bir daha gündəmə gətirirlər.

CAVİD