Maaşların artırılması tələbi ilə


Baxıldı : 126

Tarix : 2018-01-26 19:51:03


Yanvarın 24-də Sloveniyada 30 minə yaxın məmur, o cümlədən gömrük işçiləri, tibb bacıları, sosial işçilər, universitet professorları maaşlarının artırılması tələbi ilə tətil elan ediblər.

Lyublyana şəhərində yerləşən hökumət binası önündə keçirilən aksiyada “Sadəcə, seçilmişlərə deyil, hər kəsə yüksək maaş!”, “Bizdən aldığınızı geri verin!” kimi şüarlar səsləndirilib. Tətili təşkil edən ZSSS Həmkarlar İttifaqı Təşkilatının sədri Lidiya Yerqiç bildirib ki, hökumətin izlədiyi siyasət ancaq varlı adamlar üçün yüksək qazanc olduğu mesajını verir. Biz dünən səbəbini soruşduq, bu gün haqqımızı tələb edirik, sabah isə alacağıq.

İttifaqın tətil koordinasiyası üzrə nümayəndəsi tələbləri hökumətə bildirdiklərini və maaşlarda 16-20 faizlik bir artım gözlədiklərini mətbuata açıqlayıb. Qeyd edilib ki, 2012-ci ildən tətbiq edilən kəmərsıxma  siyasəti hələ də qalmaqdadır: “Bu il izlənən bu xəttin təsiri ilə iqtisadi böyümə qeydə alınıb. Ötən il ölkədə həkimlərin və təhsil müəssisələrinin rəhbərlərinin maaşları artırıldı. Bu il isə bunun  digər sektorlarda çalışan bütün işçilərə şamil edilməsini istəyirik”.

Ekspertlər son zamanlar maaş artımı yönündə həmkarlar ittifaqı təşkilatlarının tələblərinin artdığını, buna iyulda keçiriləcək parlament seçkilərinin təsir etdiyini vurğulayıblar.

Aksiyada çıxış edənlər sosial sektorlarda əməkhaqqının azlığını diqqətə çatdırıblar.

Hökumətdən tətillə bağlı verilən açıqlamada etirazçıların tələblərinin qarşılanması üçün illik 1,23 milyard avroya ehtiyac yarandığını və hazırkı vəziyyyətdə tələblərin qarşılanmasının imkansız olduğu bildirilib.

Cavid SƏFƏROV