"Made in Azerbaijan"-ın dünya bazarında mövqeyi möhkəmlənir


Baxıldı : 244

Tarix : 2017-01-27 22:15:06


"Azərbaycan brendi dünya bazarında tanıdılacaq. Ölkədə ixrac assosiyasiyaları yaradılacaq". Bu barədə "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir. Belə ki, xarici ölkələrə ixrac missiyalarının təşkili, bazarlarının araşdırılması və marketinq fəaliyyəti, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması ilə əlaqədar mexanizmlər formalaşdırılıb. Hazırda republikada istehsal olunan malların vahid məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülür.

Kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin xarici bazarlara çıxışı üçün bu sahədə bacarıqları iri şirkətlərə nisbətən daha məhduddur. Bu çatışmazlığın aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hədəflərə nail olmaqdan ötrü ixracın şaxələndirilməsi, daha çox qeyri-neft məhsullarının əhatə olunması, ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması planlaşdırılır.

Bu barədə fikir bildirən iqtisad elmləri doktoru Müslüm İbrahimov dedi ki, Azərbaycan istehsalı olan məhsulların xarici bazarda tanıdılması üçün ilk olaraq xarici bazarların tədqiqatı aparılmalı, ölkə məhsullarının xarici bazarda satış imkanları, alıcılıq qabiliyyətinin qiymətləndirilməsi dəyərləndirilməlidir. Habelə, xarici ölkələrdə mövcud olan nümayəndəliklərlə əlaqə saxlanıb ora-da olan şirkətlər haqqında məlumatlar alınmalıdır.

M.İbrahimov onu da əlavə etdi ki, ixrac assosiasiyalarının yaradılması logistika məsələlərinin həll olunmasını da nəzərdə tutur.

İqtisadçının sözlərinə görə, xarici bazarda hansı Azər-baycan məhsullarına tələbatın olacağı müəy-yənləşdirilməlidir. Müəyyən olunan məhsullar qablaşdırılaraq "Made in Azerbaijan" adı ilə xarici bazarlara çıxarılmalıdır. Azərbaycan məhsullarının brendləşdirilməsi asan məsələ deyil: "Məhsulların patentləşdirilməsi, lisenziyalaşdırılması və onların dünyaya tanıdılması üçün reklam xarakterli işlər də görülməlidir".

İqtisadiyyat Nazirliyinin yanvar ayının 24-də keçirilmiş kollegiya iclasında qeyd olunub ki, bu istiqamətdə artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də BƏƏ-nin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib. Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.

Bu ilin ilk ixrac missiyası isə artıq Almaniyaya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaq. Ukraynada da belə ticarət evi yaradılacaq.

Əsli Əhmədova