Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri\


Baxıldı : 274

Tarix : 2015-02-07 13:00:00


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə fevralın 2-də Bakıda \ Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri\ mövzusunda hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar keçirilmişdir. Üç gün davam edən seminar makroiqtisadi siyasətin əmək bazarı və məşğulluq sferalarına təsiri, bu siyasətin məşğulluq strategiyalarına uyğunluğu, demoqrafik, sosial və əmək bazarı tendensiyalarının, gənclərin məşğulluğunun təşviqi və s. məsələlərin müzakirəsinə həsr olunub.Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov qlobal miqyasda böhran proseslərinin hökm sürdüyü bir vaxtda Azərbaycanın sabitlik şəraitində davamlı makroiqtisadi uğurlara, bu uğurları tamamlayan güclü sosial siyasətə və səmərəli məşğulluq strategiyasına malik bir ölkə kimi seçildiyini vurğulayıb. Nazir son 10 ildə iqtisadi, sosial sahədə əldə olunan nailiyyətləri konkret fakt və rəqəmlərlə seminar iştirakçılarının, qonaqların diqqətinə çatdırıb. Məşğulluq məsələsinə toxunan nazir bildirmişdir ki, hətta inkişaf etmiş ölkələrdə artmaqda olan işsizlik səviyyəsi Azərbaycanda son on ildə sürətlə azalaraq 4,9 faizə enib. Eyni zamanda yeni yaradılan iş yerlərinin 80 faizinin regionları əhatə etməsi ölkənin bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin aradan qalxmasına imkan verib. Tədbirdə çıxış edən AHİK sədrinin I müavini İlyas Əliyev digər tərəfdaşlar kimi həmkarlar ittifaqlarının da dövlət məşğulluq siyasətinin hazırlanmasında yaxından iştirak etdiyini dedi.Bildirdi ki, ölkənin makroiqtisadi göstəricilərinin məşğulluq siyasətinə əhəmiyyətli dərəcədə təsiri vardır. Bunu nəzərə alaraq tərəfdaşlar makroiqtisadi göstəriciləri öhdəlik kimi Baş Kollektiv Sazişdə əks etdirmişlər.Bu sənəddə məşğulluq problemləri də yer almışdır.Sədr müavini ölkədə aparılan islahatların əmək bazarında da əhəmiyyətli müsbət dəyişikliklərə gətirib çıxardığını söyləmişdir. Son 10 il ərzində 1,2 milyondan artıq yeni iş yeri açılmışdır. Onlardan 70%-i daimi iş yerləridir.İ.Əliyev sonra demişdir: Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı tədricən azalaraq 28,7 min nəfər təşkil etmişdir. BƏT-in metodologiyasına əsasən hesablanmış işsizlərin sayı təqribən 230,0 min nəfərə və işsizlik səviyyəsi 5%-ə bərabərdir. Bu da təbii və normal göstəricidir”.Natiq məşğulluqla bağlı problemlərin yaranmasında və onların həll edilməsində çatışmazlıqların da olduğunu vurğulamışdır.Bildirmişdir ki, AHİK tərəfindən aparılan təhlillər göstərir ki, xüsusilə gənclərin məşğulluğu sahəsində həllini gözləyən problemlər az deyil.Bildiyiniz kimi, gənclər daha uzunmüddətli əmək fəaliyyəti qabiliyyətinə malikdirlər. Gənc insanlar əmək ehtiyatlarının həm ərazi, sahə, həm də peşə və sosial cəhətdən ən çevik hissəsini təşkil edirlər. Statistik məlumatlara əsasən, 2013-cü ildə iqtisadiyyatda məşğul olan 4521,2 min nəfər əhalinin 81,4 min nəfərini və ya 1,8%-ni 15-19 yaşında olanlar, 416,0 min nəfərini və ya 9,2%-ni 20-24 yaşında olanlar, 619,4 min nəfərini və ya 13,6%-ni isə 25-29 yaşında olanlar təşkil etmişlər.Gənclərin əmək ehtiyatlarının formalaşmasında oynadığı mühüm rola və əmək bazarında yaşlı nəslə nisbətən müəyyən üstünlüklərə malik olmalarına baxmayaraq, istehsalat təcrübələrinin yoxluğu və sair problemləri əmək bazarında onların rəqabət qabiliyyətini müəyyən dərəcədə pisləşdirir. Rəsmi statistika işsiz əhalinin tərkibində gənclərin payını 52% səviyyəsində müəyyən etmişdir.İşsizlik dövrünün son beş il ərzində artması və orta hesabla 17,3 ay təşkil etməsi xüsusi narahatlıq doğurur. Əgər 2011-ci ildə 1 ildən çox işsiz qalan şəxslərin xüsusi çəkisi 64% təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 92%-ə yaxın olmuşdur.İlyas müəllim təəssüflə qeyd etmişdir ki, bütün bu problemlər gənclərin kriminallaşmasına şərait yaradır. Belə ki, 2011-ci ildə cinayət törətmiş şəxslərin tərkibində 14-29 yaşında gənclərin xüsusi çəkisi 2005-ci ilə nisbətən 3,7 faiz artaraq 39,5% təşkil etmişdir.İ.Əliyev seminarda mövzu ilə bağlı söylənən problemlərin həllinə dair həmkarlar ittifaqının hazırladığı təkliflərin bir neçəsini diqqətə çatdırmışdır.Demişdir ki, gənclərimiz arasında işsizliyin aradan qaldırılmasına yardımçı ola biləcək peşə və ixtisas yönümlü təhsil-tədris mərkəzlərinin və ya müəssisələrinin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir.Təhsil müəssisələri ilə təsərrüfat orqanlarının əlaqələri gücləndirilməlidir.Gənclərin məşğulluğuna təminat yarada biləcək qanunvericilik aktları daha da təkmilləşdirilməlidir.Təhsil müəssisələrində tələbələrin bilik və hazırlıq səviyyəsi yüksəldilməlidir. Onlar bazarın tələblərinə cavab verə biləcək formada yetişdirilməlidirlər.Natiq qeyri-formal iqtisadiyyatın leqallaşdırılması istiqamətində tərəfdaşların məqsədyönlü və mütəmadi fəaliyyətinin gücləndirilməsini də vacib saymışdır.Seminarda Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Moskva Ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva çıxış etmişlər.B.RZAYEV