Maliyyələşdirmək üçün əlavə mənbələr axtarılır


Baxıldı : 261

Tarix : 2016-01-23 11:29:00


Hökumət dünyada baş verən qlobal iqtisadi təzyiqlərin Azərbaycana təsirlərinə qarşı antiböhran ssenarilərinin ilkin konturlarını açıqlayıb. Maliyyə naziri Samir Şərifov bildirib ki, ilkin olaraq ölkənin real maliyyə yığımlarının yenidən qiymətləndirilməsi, neftin baza qiymətinin azaldılması və büdcənin xərclər bölməsində neft vəsaitlərinin payının aşağı salınması nəzərdə tutulur. Neft Fondundan transfertlərə yenidən baxılması kimi məsələlər də aktualdır. Bu isə dövlət büdcəsi layihəsinə yenidən baxılması deməkdir. Çünki 2016-cı ildə büdcədə neftin baza qiyməti bir barrel üçün 50 dollardan götürülüb və hazırkı şəraitdə orta əmsalla 30 dollarlıq satış indeksi ortadakı kəsirləri qarşılamaq üçün əlavə addımların atılmasını zəruri edir. Fevralın 1-dən etibarən pensiya və sosial müavinətlərin, əməkhaqlarının artırılması, məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaxşılaşdırılması və digər sosial xarakterli artımların baş verməsi də büdcənin xərclərində əlavə yükü artırır. Həmin sahələr üzrə büdcənin xərclər bölməsinin ən azı 500 milyon manat əlavə maliyyə vəsaiti ilə \ yüklənməsi\ yaranır ki, bunun da maliyyələşdirilməsi üçün əlavə gəlir mənbələrinin tapılmasına ehtiyac var. Bundan başqa, manatın dekabr ayında baş verən devalvasiyası da bir sıra məsələləri meydana çıxarıb, yeni məzənnə siyasəti ilə bağlı olaraq bank əmanətlərinin sığortalanması, vergi güzəştləri, ixracla bağlı müəyyən imtiyazların tətbiqi, əhalinin kreditlərinin 5000 manata qədər olan hissəsinin dövlətin imkanları hesabına kompensasiya edilməsi və digər faktorlar da büdcənin xərclər hissəsində lazımi düzəlişlər edilməsini şərtləndirir. Bütün bu amillərə əsasən, büdcənin sosial xərclər hissəsində dəyişikliklər edilməsinə səbəb olacaq. S.Şərifov hökumətin iqtisadi blokunun tələb olunan əlavə maliyyə mənbələrinin tapılması üzərində işlədiyini, yaxın günlərdə bu məsələnin həll olunacağını bildirib. Məsələ ondadır ki, yüz milyonlarla manat vəsaitin büdcəyə əlavə olunması büdcə xərclərinin artırılması deməkdir. Amma büdcəyə dəyişiklik büdcənin həcminin artırılması hesabına baş verməyə də bilər. Bu, büdcənin investisiya və sair xərclər bölməsindəki bəzi layihələrin təxirə salınması və həmin xərclərin sosial bölməyə yönəldilməsi hesabına da mümkün ola bilər. Eyni zamanda özəlləşdirmədən, səhm və istiqrazların satışı hesabına əlavə vəsaitlərin cəlb edilməsi də istisna olunmur. ELBRUS