Maliyyə sahəsində iş yerlərinin sayı artacaq


Baxıldı : 204

Tarix : 2017-04-29 00:31:10


"Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa ediləcək". Bu barədə Milli Məclisin plenar iclasında “Valyuta tənzimi haqqında" qanunun müzakirəsi zamanı İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 Komitənin üzvü, millət vəkili Tahir Mirkişili dəyişikliklərdən danışarkən bildirib ki, valyutadəyişmə məntəqələrinin əvvəllər spekulyativ fəaliyyət göstərmələri ölkədə valyuta kursunun qalxmasına gətirib çıxarmışdı: "Onların müəyyən qanunazidd fəaliyyəti aşkar olunmuşdu. Bu kimi hallar ölkənin makroiqtisadi sabitliyinə mənfi təsir etmişdi. Ancaq indi ölkədə maliyyə sabitliyi bərpa olunub.  Hazırda qarşıda duran əsas məqsəd iqtisadi aktivliyin artırılması, ölkədə beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirilməsidir. Bu tədbirlər nəticəsində ölkəyə böyük turist axının gəlməsi gözlənilir. Onların valyuta dəyişməsi üçün daha çevik şəraitin təşkil olunmasına ehtiyac var".

 Valyutadəyişmə məntəqələrinin ("Exchange"lərin) ləğvinin fəsadları və fəaliyyətə başlayacağının faydaları haqqında iqtisadçı-ekspert Vüqar Bayramov qəzetimizə öz münasibətini açıqlayıb.  O bildirdi ki, əvvəllər banklar valyutadəyişmə məntəqələri açmaq üçün lisenziya verməli idi, mövcud qaydalara əsasən, bankdan icazə almadan fiziki vətəndaşlar  sahibkar kimi valyutadəyişmə məntəqələri açmaq imkanına nail olacaqlar: "Bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Palata valyutadəyişmə məntəqəsinə lisenziya almaq üçün girov tələb edəcək. Girovların alınması ilə bağlı rəsmi arqument valyuta alqı-satqısının tənzilmlənməsinə, məntəqələrin sayının bilinməsinə, sahibkarların məsuliyyət hissinin artmasına yönəlib. Lakin girovun məbləğinin  yüksək olmaması vacibdir".

 V.Bayramov  valyutadəyişmə məntəqələrinin qara bazarın fəaliyyətinə  təsiri barəsində də danışıb. O deyib ki, qara bazarda alış-satış kursu arasında fərq banklara nisbətən daha az olub: "Qeyri-leqal fəaliyyət göstərən bazar leqal fəaliyyət göstərən banklardan daha uyğun kurslar təklif edirdi. Bunun səbəbi də rəqabətin olmaması idi".

Bundan əlavə, ekspert qeyd etdi ki, valyutadəyişmə məntəqələrinin bərpası iş yerləri deməkdir. Bu məntəqələr ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti qara bazarda fəaliyyət göstərirdilər. Bu qədər iş yerlərinin açılması kifayət qədər zaman və investisiya tələb edir. Lakin indi onlar valyutadəyişmə məntəqələrinə qayıdacaqlar, leqal şəkildə fəaliyyət göstərəcəklər.

"Exchange"lərin yenidən bərpası qara bazarın ləğvi prosesinə birmənalı şəkildə müsbət təsir edəcək, lakin bunu tez bir zamanda gözləmək sadəlövhlük olar. Qara bazarın fəaliyyəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Əslində bunu daha tez etmək lazım idi. Daha doğrusu isə, ümumiyyətlə, valyutadəyişmə məntəqələri ləğv edilməməli idi.

Həm məşğulluğu, həm bazarda rəqabəti, həm də vətəndaşların və turistlərin asan və sərbəst şəkildə öz valyutalarını dəyişə bilməsini nəzərə alsaq, onların bərpasına ehtiyac var idi. Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər.

Əsli Əhmədova