Mallarla bağlı konkret qiymət təyin edilməlidir


Baxıldı : 179

Tarix : 2016-01-16 05:11:00


Ötən ilin dekabrında keçirilmiş devalvasiyadan sonra istehlak bazarında çox neqativ proseslər başlayıb. İlk növbədə əksər mallar üzrə qiymət artımı müşahidə olunur. Manatın dollara qarşı ucuzlaşmasından sonra idxal edilən mallar üzrə qiymət artımı gözlənilən idi. Təəssüf ki, bahalaşma ölkədə istehsal olunan malların, kənd təsərrüfatı məhsullarının qiymətlərində də özünü göstərdi.Faktiki olaraq devalvasiya şəraitində malları iki qrupa bölmək olar: Birincisi, idxal malları və ya istehsal üçün xammal idxalı nəzərdə tutulan mallar. İkincisi isə, yerli istehsal və istehsal prosesində xarici valyutanın iştirak etmədiyi mallar. Birinci qrup üzrə qiymət artımı izah olunandır, ikinci qrup üzrə isə artım sırf süni xarakter daşıyır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında manatın məzənnəsindən danışarkən son zamanlar ölkədə bütün mallar üzrə qiymətlərin artımı məsələsinə də toxunaraq qeyd etdi ki, müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. Eyni zamanda süni qiymət atımı hallarının və buna yol verənlərin qarşısının inzibati və hüquqi yollarla alınmasının vacibliyini vurğuladı.Mövzu ilə bağlı qəzetimizə açıqlama verən iqtisadçı-ekspert Əli Əhmədov bildirdi ki, süni qiymət artımının qarşısını almaq üçün əvvəlcə süni qiymət artımını obyektiv qiymət artımı ilə fərqləndirmək lazımdır: \ Devalvasiyadan sonra xaricdən gətirilən mallar bahalaşdı. Bununla bağlı yerli malların qiyməti də qalxdı. Lakin elə mallar var ki, onların qiymətlərində həddindən artıq bahalaşma müşahidə olunur. Yerli mallar müəyyən dərəcədə qalxa bilər, çünki sahibkar da müəyyən qiymət artımından sonra nəyisə daha baha alır. Deməli, o da da istehsal etdiyi malı daha əvvəlki qiymətə sata bilməyəcək.Lakin xarici mallar səviyyəsində, yəni iki dəfəyə qədər qalxa bilməz. Yerli malların 100 faizədək qalxması düzgün deyil. Məhz bu tip halları biz süni qiymət artımı kimi qiymətləndirə bilərik. Yerli malların süni surətdə qiymətlərinin qarşısını almaq üçün ilk növbədə İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkədə həm xaricdən gətirilən, həm də yerli mallar üzrə optimal qiymət müəyyənləşdirməlidir. Tələb etməlidir ki, bütün qiymətlər bu əsasda olsun. Amma burda hökmən sahibkarların gəlir marjasını da nəzərə almaq lazımdır. Çünki onlar məhsullarını xaricdən gətirdikləri qiymətə satsalar, həmin mallardan gəlir əldə edə bilməyəcəklər. Bu, eyni zamanda yerli məhsullara da aid edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi yerli məhsullarla bağlı konkret qiymət müəyyənləşdirməli və sahibkarlar da bu qiymətlərə riayət etməlidir.Bundan başqa, qiymətlərə nəzarət etmək üçün İqtisadi İnkişaf Nazirliyində qaynar xətt yaradılmalıdır. Qiymət bülleteni tərtib olunmalıdır. İnsanlar həmin bülletenə əsasən bilməlidir ki, hər hansı bir məhsul hansı mağazada neçəyə satılır\ .Aliyə SƏMƏDOVA