Əmanətlərə tətbiq olunan vergi


Baxıldı : 1044

Tarix : 2015-01-24 03:35:00


İqtisadçı-ekspert Vüqar Bayramov son günlər aktual olan, banklarda yerləşdirilən əmanətlərə tətbiq edilən gəlir vergisi ilə bağlı məsələyə münasibət bildirib. O deyib ki, hələ də əksər kommersiya banklarında vergilərin hesablanması ilə bağlı müştərilərin sualları düzgün cavablandırılmır. Maarifləndirilmənin aparılmaması bəzi əmanətçilərin öz depozitlərini banklardan çəkməsinə səbəb olur. Məsləhət görərdim ki, əmanətçilər depozitlərini banklardan heç bir halda vaxtından əvvəl götürməsin və pullarını evlərdə deyil, banklarda saxlasınlar. Əslində tətbiq edilən gəlir vergisi az və orta məbləğli depozitlərin məbləğinə ciddi təsir göstərmir. Daha sonra V.Bayramov gəlir vergisinin hansı əmanətlərə tətbiq ediləcəyinə də aydınlıq gətirib: 1. Gəlir vergisi depozitə deyil, əmanətə hesablanan faizə (dividendə) tətbiq edilir. Bu o deməkdir ki, əgər bankda 10 min manat əmanətiniz varsa və həmin pula il ərzində 900 manat faiz hesablanıbsa, o zaman gəlir vergisi heç bir halda əmanətin əsas məbləğinə tətbiq olunmur.2. Gəlir vergisi hesablanan zaman 500 manat azaldılır və qalan məbləğə vergi tətbiq edilir. Məsələn, bankda 10 min manat depozit varsa və ona 900 manat faiz hesablanıbsa, o zaman ödənilən vergi cəmi 40 manatdır. 900 manatdan 500 manat çıxılır və qalan 400 manata 10 faiz vergi hesablanır: (900 manat-500 manat) X 0.1= 40 manat. Bu isə o deməkdir ki, hesablanmış 900 manatın 860 manatı əmanətçiyə verilir, 40 manat isə büdcəyə köçürülür. Deməli, il ərzində əmanətçi 10000 manat qoyaraq 10860 manat alacaq. Depozitin məbləği artdıqca onun faiz hissəsindən tutulan vergi də çoxalır. 3. Bəs necə etmək olar ki, 20 min manatı olan əmanətçi vergi ödəməsin? Bunun üçün əmanətçı öz pulunu hər biri 5000 manat olmaqla 4 ayrı bankda yerləşdirir. Hər bir bankda yerləşdirilən 5000 manata görə 9 faizlə orta hesabla 450 manat dividend hesablanır. Bu isə 500 manatdan az olduğu üçün avtomatik olaraq vergidən azad edilir. Bununla da 20 min manat pulu olan şəxs 4 müxtəlif bankda pulunu saxlamaqla vergi ödəməkdən azad olur.4. Əgər əmanət bankda ötən və ya əvvəlki illərin birində yerləşdirilibsə, o zaman vergi necə hesablanır? Tutaq ki, 20 min manat iyulun 1-də bankda 1 il müddətinə yerləşdirilib. Bu zaman 9 faizlə ümumi hesablanan əmanət dividendi orta hesabla 1800 manatdır. Aylar üzrə orta divident faizi eyni olduğu üçün 1800 manat əmanətin 900 manatı 2014-cü ilin son 6 ayında, digər yarısı isə 2015-ci ilin birinci yarısında hesablanır. Bu isə o deməkdir ki, ötən il hesablanan əmanət faizləri ötən il götürülməyibsə və hətta 2015-ci ilin iyulun ilk günündə götürülsə də belə, yenə də 900 manat vergiyə cəlb edilmir. Yalnız 2015-ci ildə hesablanan faizlər vergiyə cəlb ediləcək. Bu zaman 2015-ci ilin yayında əmanəti götürən zaman əmanətçinin faizi belə hesablanır: (1800- 900- 500) X 0.1 = 40 manat. 1800 manat dividenddən 900 manat ötən il hesablanan vergisiz faiz məbləği çıxılır və daha sonra ondan vergidən azad olunan 500 manat azaldılır və qalan pulun 10 faiz vergisi hesablanır. Bu isə o deməkdir ki, bu halda 20 min manat əmanəti olan şəxs iyulun 1-də 21760 manat alacaq və cəmi 40 manat vergi ödənişi edəcək. Digər tərəfdən, həmin 20 min manat ötən ilin fevralında bankda yerləşdirilibsə və bu zaman 2015-ci ilin ilk ayları üçün hesablanan dividendin məbləği azaldılan məbləğdən az olduğu üçün əmanətçi hər hansı vergi ödəmədən pulunu alacaq.5. Nə üçün əmanəti banklardan götürməyi məsləhət görmürəm? Əvvəla, bankda olan depoziti götürən zaman cərimə tətbiq edilir və əksər hallarda müqavilə şərti pozulduğu üçün ya əvvəl hesablanan faizlər verilmir, ya da kifayət qədər kiçik faiz hesablanır. Bu o deməkdir ki, ötən il 20 min manat depozit yerləşdirən əmanətçi 40 manat vergi ödəməyə görə 1760 manatdan keçməli olur. İkincisi, depoziti məbləği böyük olmayan əmanətçilər kiçik vəsait ödəyirlər. Məsələn, orta hesabla 9 faizlə 20 min manat əmanəti olan 1670 manat dividend alır və cəmi 130 manat ödəyir və ya 30 min manat əmanəti olan 2480 manat faiz alır və cəmi 220 manat vergi ödəyir. Göründüyü kimi, hətta sığortalanan məbləğ və faiz daxilində də belə ödənilən vergi 220 manatdır. Üçüncüsü, ödənilən məbləğ vergidir və o da dövlət büdcəsinə köçürülür. Neft satışından gəlirlərin azaldığı dövrdə büdcə daxilolmalarının artımına töhfə vermək, sadəcə, alqışlanandır. Gələcəkdə büdcə gəlirləri balanslaşdırıldıqdan sonra bu verginin ödənilməsinə yenidən güzəştin tətbiq ediləcəyi istisna edilmir. Nəzərə almaq lazımdır ki, oxşar vergi bu ildən bir sıra Avropa ölkələrində də tətbiq edilməyə başlayıb.6. Bir daha əmanətinizi banklardan götürməyin. Əslində bu verginin tətbiqindən təxminən 50 milyon manat vəsaitin dövlət büdcəsinə cəlb edilməsi nəzərdə tutulur. Bu isə əsasən iri məbləğli depozitlərin hesabına mümkün olacaq. Deməli, varlılar daha çox vergi ödəyəcəklər. Sizlər isə əmanətinizi bir neçə bank arasında bölüşdürməklə hətta vergi ödəməkdən belə azad ola bilərsiniz.Azər MUSTAFAYEV