Manat-dollar münasibətlərini proqnozlaşdırmaq çətindir


Baxıldı : 196

Tarix : 2016-04-01 04:49:00


Asiya İnkişaf Bankı (AİB) dünya iqtisadiyyatında baş verən mürəkkəb qlobal iqtisadi proseslərin bir çox ölkələrin iqtisadi artımına, valyuta-maliyyə, qiymətli kağızlar bazarına təsir edəcəyinə dair yeni açıqlama ilə çıxış edib. Bankın \ Asian Development Outlook-2016\ hesabatında yer alan yeni proqnoz göstəricilərinə əsasən, Avropa və Asiya ölkələrinin əksəriyyətində cari ildə iqtisadi artım 2 dəfə aşağı düşəcək. Eləcə də neft istehsal edən ölkələrin tədiyə balansında müəyyən azalmaların baş verməsi gözləniləndir. Bu baxımdan Azərbaycanda iqtisadi artımın zəifləyəcəyi proqnozlaşdırılır. Bank analitikləri hesab edirlər ki, 2016-cı ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1 faiz azalacaq, artım 0,2 faizdən yüksək olmayacaq. Valyuta bazarında son bir ildə baş vermiş dəyişikliklər istehlak qiymətlərinin artımına səbəb olduğundan ilin sonuna kimi inflyasiyanın artması da qaçılmazdır.AİB hesab edir ki, neftin qiyməti artarsa, vəziyyət bir qədər yaxşılaşa və gəlirlər arta bilər. Bu isə 2017-ci ildə gözlənilir. Bank baş verən proseslərin, xüsusilə maliyyə sektorundakı zəifləmələrin valyuta sektoruna təzyiqləri artıracağını da istisna etmir. Qeyd olunduğuna görə, qlobal səviyyədə iqtisadi-maliyyə sıxıntıları davam edəcək və bu amil ölkələrin idxal-ixrac əməliyyatlarına, valyuta bazarlarına öz təsirlərini göstərəcək. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi, qlobal iqtisadiyyatda qeyri-sabit proseslər, Avropa və MDB ölkələrinin valyuta sektorunda dəyişkənliklərin davam etməsi milli valyutanın sabitliyinin qorunub saxlanması üçün hələ də risklər yaradır. 2016-cı ildə dollar-manat münasibətlərinin proqnozlaşdırılması çətindir, yenidən devalvasiyanın olub-olmayacağı bazarda tələb-təklifin hansı formada tənzimlənməsindən asılı olacaq.ELBRUS