Manatın gələcək taleyi...


Baxıldı : 169

Tarix : 2016-06-03 05:15:00


Son dövrlərdə ən çox müzakirə olunan mövzulardan biri də manatın daha nə qədər möhkəmlənəcəyi ilə bağlıdır. İqtisadçı-ekspert Vüqar Bayramov qeyd etdi ki, 2016-cı ilə dollara nisbətən 1.5610 kursu ilə başlayan manat may ayının sonuncu gününə 1.4906 məzənnəsi ilə daxil oldu.Bu isə o deməkdir ki, ikinci devalvasiyada 48 faiz dəyər itirən milli valyutamızın rəsmi kursu son 5 ayda 4 faiz möhkəmlənə bilib: \ Əsas məsələ bu möhkəmlənmədə bazarın nə qədər rol oynaması ilə bağlıdır. Öncə mart ayından başlayaraq manatın möhkəmlənməsi səbəblərinə diqqət yetirək. İkinci devalvasiyadan sonra vətəndaşlar və eləcə də biznes qısa zamanda öz milli valyutalarını dollara çevirməyə çalışdılar. Nəticədə dollarlaşma prosesi kəskin sürətləndi və nəinki əllərdəki manat, hətta bankların gündəlik yığımları belə dollarlaşdı. O zaman \ qara bazarda\ manatın dollara məzənnəsi hətta 1.90-dək yüksəldi. Bu isə o deməkdir ki, dollarlaşma prosesi manatın xeyli aşağı məzənnəsi ilə müşahidə edildi və vətəndaşlar baha dollar almaq məcburiyyətində qaldılar\ . Ekspert bildirdi ki, mart ayından başlayaraq istər banklar, istərsə də vətəndaşlar cari xərclər üçün dollarlarının bir hissəsini bazara çıxardılar: \ Büdcənin investisiya xərclərinin azalması idxalın da bu istiqamətdə məhdudlaşmasına səbəb oldu. Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq edilən məhdudiyyətlər də dollara tələbi azaltdı. Nəhayət, Mərkəzi Bankın manat bazasını 2015-ci ilin yanvarı ilə müqayisədə may ayında 11,542 milyard manatdan 6,726 milyard manatadək azaltması da milli valyuta təklifini məhdudlaşdırdı. Nəticədə həm əks-dollarlaşma prosesinin başlaması, həm də Mərkəzi Bank ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati tədbirləri dollara tələbi azaltdı. Mərkəzi Bankın yaz aylarında hərraclara alıcı kimi qatılması isə milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı. 4 faizlik marjı qoruyan Mərkəzi Bank valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalmaqdadır. Bu isə o deməkdir ki, manatın məzənnəsinə ən azı valyuta bazarı qədər Mərkəzi Bank təsir göstərir\ . V.Bayramov qeyd etdi ki, hətta dünya bazarında dolların möhkəmlənməsi belə milli valyutanın kursuna təsirsiz ötüşür: \ Məzənnəni bazar müəyyənləşdirmədiyi və liberal üzən valyuta rejiminə keçirilmədiyi halda milli valyutanın gələcək məzənnəsi ilə bağlı biznesdə qeyri-müəyyənlik qalacaq. Aydındır ki, Mərkəzi Bank inzibati metodlar ilə prosesi uzun müddət apara bilməz. İdxalın artması halında yenidən dollara tələb yüksələcək\ . Ekspert vurğuladı ki, manatın gələcək taleyini belə ümumilləşdirmək olar: mövcud iqtisadi qanunlar ilə milli valyuta uzun müddət möhkəmlənə bilməz: \ Bunun bəzi səbəbləri var. Birinci səbəb, Mərkəzi Bank inzibati metodlardan yalnız qısamüddətli dövrdə faydalana bilər, ikincisi, real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi hesabına xarici valyutaya tələb yüksələ bilər. Bundan başqa, enerji məhsulları ümumi ixracatımızın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətini necə dəyişməsindən asılı olacaq. Manat üçün bədbin proqnoz neftin bir barrelinin qiymətinin 40 dollardan aşağı olması, orta proqnoz isə 60 dollar olmasıdır. 80 dollardan yüksək satıldığı halda neft manat üçün nikbin mənzərə formalaşdıra bilər\ .Aliyə SƏMƏDOVA