MƏCLİSDƏ QEYRİ-FORMAL MƏŞĞULLUQ PROBLEMİ müzakirə mövzusu oldu


Baxıldı : 69

Tarix : 2018-11-17 04:48:57


Noyabrın 8-də Xətai Mədəniyyət Mərkəzində “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının növbəti Məclisi olub. Məclisdə “Qeyri-formal məşğulluq, sosial dialoqun gücləndirilməsi və sahə həmkarlar ittifaqının sosial bazasının genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilib.

2018-ci ilin büdcəsinin yerinə yetirilməsinin vəziyyəti, 2019-cu ilin büdcə layihəsi müzakirə edilib və təsdiq olunub. Sonda təşkilati məsələyə baxılıb.

Məclisi giriş sözü ilə Federasiyanın sədri Tofiq Quliyev açıb.                             

O, ölkənin sosial-iqtisadi göstəricilərini diqqətə çatdırıb. Deyib ki, son 12 ildə ölkə iqtisadiyyatına 200 milyard manat həcmində investisiya qoyulub. Bunun da yarısını xarici investisiya təşkil edir. Ümumi daxili məhsul 3 dəfədən çox, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb. İşsizliyin səviyyəsi 5 faiz, yoxsulluq isə 5,4 faizə qədər endirilib.

İlk 9 ayda kənd təsərrüfatı məhsullarının ümumi həcmi əvvəlki ilin müvafiq dövrü  ilə müqayisədə 4,3 faiz,  o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz artmışdır.

T.Quliyev daha sonra iştirakçılara və qonaqlara Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələr barədə videogörüntülü məlumat verdi.

Birinci məsələ ilə bağlı Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə etdi.

Sədr müavini bildirdi ki, dünyada gedən siyasi-iqtisadi proseslər inkişafa təkan verməklə yanaşı, yeni problemlər də yaradır. Belə problemlərdən biri də qeyri-formal məşğulluqdur.

Qeyri-formal məşğulluq ilk növbədə dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıma prinsipinə zidd olmaqla vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olur. Nəticədə dövlət büdcəsinə, insanların cari və gələcək sosial təminat hüquqlarına mənfi təsir göstərir, ictimai birliyin və sosial ədalətin tam təminatına mane olur, onların iqtisadi risklərdən qorunması mümkün olmur.

İşçilər təhlükəli iş yerlərində və normallaşdırılmamış iş rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı məbləğindən də aşağı əməkhaqqı alır, məzuniyyət və müavinət almaq hüquqlarından məhrum olurlar.

Qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir edir. Bu məşğulluq əsasən təhsilsiz, peşəsiz və ixtisassız şəxslərdən ibarət olduğundan, bu sahədə fəaliyyət göstərən işəgötürənlər insan kapitalının formalaşmasına investisiya yatırmaqda maraqlı olmurlar.

Qeyri-formal iqtisadiyyat, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə kifayət qədər dərindən təhlil edilməyib və hələ də araşdırılması zəruri olan məsələlərdəndir.

Hazırda Azərbaycan hökuməti bu problemin aradan qaldırılması istiqamətində səmərəli tədbirlər həyata keçirməkdədir. İlk növbədə iqtisadiyyatın bütün sahələrinin inkişafına, dünya iqtisadi sisteminə inteqrasiyaya, sahibkarlıq sektorunun davamlı və stabil inkişafına, əhalinin sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərilir.

Sosial-iqtisadi inkişafa istiqamətlənmiş qanunvericilik bazası yaradılır.

2016-cı ilin sentyabrında Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün birgə fəaliyyət istiqamətlərini müəyyən edən Layiqlı Əmək üzrə Ölkə Proqramının qəbul edilməsi ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşması yönümündə növbəti addım olmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  da öz növbəsində “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqlarının Konsepsiyasını qəbul etmişdir. Konsepsiyada həmkarlar ittifaqlarının bu sahədə həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər müəyyənləşdirilmişdir.                                                                                                                                            

Proqramda həmkarlar ittifaqı təşkilatlarına əməyin ödənilməsi sahəsində öz səylərini ilk növbədə əməkhaqqı siyasətinin, əməyin ödənilməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə, orta aylıq əməkhaqlarının artırılmasına yönəltmələri tövsiyə edilmişdir.

Bundan əlavə, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidlə bağlı Beynəlxalq Əmək Təşkilatının (BƏT) 204 saylı Tövsiyəsinin həyata keçirilməsi məqsədilə həmkarlar ittifaqlarının bu sahədə görəcəyi işlərə dair Tədbirlər Planı işlənib hazırlanıb və BƏT -in Regional Bürosu ilə birlikdə müzakirə olunub və bəyənilib.

Məclisdə  AHİK sədrinin müavini Cavanşir Alxasov çıxış etdi.

Sonda 2018-ci ildə fərqlənmiş 6 nəfər sahə Hİ işçisinə “UHİK-in 25 illiyi” yubiley Fəxri Fərmanı, 18 nəfərə “AHİK-in 25 illiyi” yubiley döş nişanı, “Məhsul” KKİC Respublika Şurasının idman yarışlarında yüksək nəticə göstərmiş 8 nəfər yetirməsinə “Kənd-Qida-İş” Hİ Federasiyasının diplomları və mükafatları təqdim olundu.

Tədbirdə qonaq qismində Belarus Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqının sədri Nikolay Labuşevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edirdi.

Bəyalı RZAYEV