Mədən işçilərinin maaş artımı tələbi


Baxıldı : 28

Tarix : 2018-08-03 20:14:48


Çilinin Eskondida bölgəsində yerləşən və “BHP Billiton” şirkətinə məxsus dünyanın ən böyük mis mədəninin işçiləri avqustun 6-da  tətil keçirəcəkləri barədə quruma xəbərdarlıq ediblər. Buna səbəb  maaşların artırılması ilə bağlı təklifin rəhbərlik tərəfindən qəbul edilməməsidir. Keçən il də eyni problem üzündən 44 günlük tətil mis bazarında problemlərə səbəb olmuşdu.

Çili əmək qanunvericiliyinə əsasən, hər hansı tətil qərarından 5 gün öncə tərəflər vasitəçilik üçün hökumətə müraciət etməlidir. Tətilin təşkilatçısı olan həmkarlar ittifaqı təşkilatı bu vasiəçiliyə ehtiyac olmadığını, tələblərinin şərtsiz qəbuluna nail olmaq istədiklərini bildiriblər. Birliyin sədri Patrisio Tapia jurnalistlərə verdiyi açıqlamada tələblərini şirkətə ünvanladıqlarını və yalnız razılaşma əldə olunarsa, tətilin  dayandırılacağını deyib. Əks təqdirdə vaxtı uzatmaq və yaxud vasitəçilik üçün dövlətin müdaxiləsi məntiqsizdir.

Hökumət isə tərəflərin danışıqlar yolu ilə razılığa gəlməsində maraqlıdır. Çilinin maliyyə naziri Felipe Larrain mətbuata verdiyi açıqlamada tətilin ölkə iqtisadiyyatına zərbə vuracağını deyib. Qeyd edək ki, “BHP Billiton”un 1,5 faizlik maaş artımı və 18 min ABŞ dolları dəyərində  mükafat təklifi işçilərin 84 faizi tərəfindən rədd edilib.

Cavid SƏFƏROV