Mədənçilərin ödəniş tələbi


Baxıldı : 67

Tarix : 2018-06-22 23:11:01


Ukraynada  kömür mədənində çalışanlar sektordakı problemlərə diqqət çəkmək üçün paytaxt Kiyevdə parlament binası önündə aksiya keçiriblər. Etirazçılar bildiriblər ki, dövlətə aid mədənlərdə ən böyük problem maaşların gecikdirilməsidir. Bəzi yerlərdə hətta 2015-ci ildən ödənişlər verilməyib. İndustriALL Qlobal İttifaqı və ona bağlı olan Ukrayna Kömür Mədəni İşçiləri Həmkarlar İttifaqı və Ukrayna Müstəqil Mədənçilər Birliyi işçilərə verilməyən ödənişlərin 30 milyon ABŞ dolları olduğunu açıqlayıb. Bu miqdarın yarı hissəsi  Donbas və Selidivvugilliya mədənçilərinin payına düşür.

2018-ci ilin dövlət büdcəsindən kömür və torf çıxarılmasına görə 95 milyon ABŞ dolları ayrılıb. Ukrayna Enerji Nazirliyi tərəfindən aparılan hesablamalara görə, təkcə kömür sənayesində ödənişlərin tam həlli üçün qeyd olunan miqdardan üç dəfə çox pula ehtiyac var. Maliyə çatışmazlığına görə kömür istehsalı son bir ildə 14 faiz azalıb. Bununla birlikdə həmkarlar təşkilatları iddia edir ki, son dövrlərdə ölkəyə idxal olunan kömürün miqdarı da artırılıb.

Həmkarlar təşkilatları kömür mədəni sənayesinin inkişafı üçün 105 milyon ABŞ dolları ayrılması ilə bağlı qərarın Ali Radanın deputatları tərəfindən dəstəklənməsini istəyirlər. Onlar hesab edirlər ki, bu, dövlətə aid mədənlərin fəaliyyətini davam etdirməsi üçün vacib şərtdir. Təşkil olunan aksiyalar dəyişiklik yenidən gündəmə gətirilsə də, deputatların məsələ ilə bağlı səsverməsi gələn ilə planlaşdırılır.

Aksiya iştirakçıları ilə görüşən ölkənin enerji naziri Selidivvugilliya bölgəsində çalışan mədən işçilərinin maaşlarının bir hissəsinin ödənilməsi üçün 380 min ABŞ dolları ayrılacağına söz verib. Mədənçilər 10 gün içində ödənişlər həyata keçirilməsə, tətil və aksiyalara yenidən başlayacaqlarını bildiriblər.

Qeyd edək ki, mədənçilik sektoruna yetərli maliyyənin ayrılmaması, təhlükəsizliklə bağlı yoxlamaların aparılmaması qəzaların artmasına gətirib çıxarır. Bu da ölkədə mədən sənayesinin imicinə mənfi təsir edir. İndustriALL Qlobal İttifaqı Cenevrədə keçirilən  Qlobal Çalışma Konfransında məsələni gündəmə gətirərək Ukrayna hökumətindən məsələnin həlli yönündə addımlar atmasını tələb edib.

Cavid SƏFƏROV