Məktəbi qurtarandan sonra işə düzəlmişəm


Baxıldı : 92

Tarix : 2018-09-15 02:40:27


Məktəbi qurtarandan sonra işə düzəlmişəm. Sonra vətən qarşısında borcumu vermək üçün hərbi xidmətdə olmuşam. Universitetin axşam şöbəsində təhsil almışam. Təhsil aldığım illərdə də gündüz  işləmişəm. Sonra da həmişə işləmişəm. İndi pensiya yaşım çatıb. Bilmək istəyirəm, hərbi xidmətdə olduğum dövr, təhsil aldığım müddət mənim sığorta stajıma daxil edilirmi? Ümumiyyətlə, sığorta stajı nədir və ona hansı dövrlər daxildir?

    

Əmir NƏBİYEV,

Sumqayıt şəhəri.

 

-Pensiya qanunvericiliyinə əsasən, hərbi xidmətdə olduğunuz müddət sizin sosial sığorta stajınıza daxildir. Universitetin axşam şöbəsində təhsil aldığınız müddətdə işlədiyinizə görə həmin müddət də sosial sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” qanunun 1-ci maddəsində sosial sığorta stajının anlayışı belə açıqlanır-sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;

Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən “Əmək pensiyaları haqqında”  qanunun 21-ci maddəsində bəhs edilir.

Həmin maddəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər də sığorta stajına  daxil edilir:

- işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

- yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;

- müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçmiş, özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

- işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;

- əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət;

- zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;

- şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;

-  mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;

- hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

 

Uşaq əməyindən danışarkən çox vaxt “uşaq əməyinin ən pis formaları” ifadəsi işlədilir. Bu haqda məlumat verməyinizi xahiş edirəm.

 

Aysel ZEYNALLI,

Bakı şəhəri.

 

- Respublikamızın da qoşulduğu 182 saylı “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” 1999-cu il Konvensiyası  və “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsi və aradan qaldırılmasına dair təcili tədbirlər haqqında” 190 nömrəli Tövsiyə BƏT tərəfindən qəbul edilmişdir. Konvensiyanın 3-cü maddəsində uşaq əməyinin ən pis formalarına aşağıdakılar daxil edilib:

- köləliyin bütün formaları və ya köləliyə oxşar təcrübə, məsələn, uşaqların satılması və uşaq alveri, borc və təhkimçilik asılılığı, habelə məcburi və ya icbari əmək, o cümlədən uşaqlardan silahlı münaqişələrdə istifadə edilməsi üçün onları məcburi və ya icbari surətdə cəlb etmə;

- fahişəliklə məşğul olmaq, pornoqrafik materialların istehsalı, yaxud pornoqrafik tamaşalar üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə;

- müvafiq beynəlxalq müqavilələrdə müəyyən edildiyi kimi, hüquqa zidd fəaliyyətlə məşğul olmaq üçün, xüsusilə narkotik maddələrin istehsalı və satışı üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə;

- öz xarakterinə və ya yerinə yetirildiyi şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına ziyan vura biləcək iş.

Konvensiyaya qoşulmuş üzv dövlət olaraq respublikamız uşaq əməyinin ən pis formalarının prioritet qaydada aradan qaldırılması üzrə fəaliyyət proqramları hazırlayır və həyata keçirir, milli qanunvericiliyimiz isə bu Konvensiyaya uyğunlaşdırılır.

 

Sığorta müqaviləsi hansı hallarda etibarsız sayılır?

 

Natiq SEYİDZADƏ,

Şirvan şəhəri.

 

-Mülki Məcəllədə əqdlərin etibarsızlığının ümumi əsasları nəzərdə tutulsa da, sığorta müqaviləsinin etibarsız sayılması “Sığorta haqqında” qanunun 29-cu maddəsində aşağıdakı kimi qeyd edilir:

1. Mülki Məcəllə ilə nəzərdə tutulmuş əqdlərin etibarsızlığının ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi bağlandığı andan aşağıdakı hallarda etibarsız sayılır:

1.1. sığorta obyekti məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak olduqda;

1.2. sığorta hadisəsindən sonra bağlandıqda;

1.3. sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;

1.4. sığorta müqaviləsi bağlandığı anda sığorta obyekti mövcud olmadıqda;

1.5. sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə bağlı olduqda;

1.6. sığorta müqaviləsi və ya bir neçə sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən artıq sığortalandıqda (sığorta məbləğinin artıq hissəsində);

1.7. xüsusi razılığı olmayan sığortaçı ilə sığorta müqaviləsi bağlandıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır).