Məktəbin 100 yaşı qeyd olundu


Baxıldı : 146

Tarix : 2018-03-09 23:18:33


Bu günlərdə Bakının Səbail rayonundakı “20-ci sahə”də yerləşən Etibar Vəliyev adına 162 nömrəli məktəbin yaranmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbir məktəbin həyətində şəhid Etibar Vəliyevin barelyefinin açılışı ilə başladı. Vətən uğrunda canını əsirgəməyən oğul və qızlara göstərilən diqqətə görə Etibar Vəliyevin atası dövlətimizə və məktəbin kollektivinə təşəkkürünü bildirdi.

Sonra məktəbin direktoru Sevinc Abbasova çıxış etdi. O, təhsil ocağının tarixi barədə qısa məlumat verdi. Dedi ki, bu məktəb 1917-ci ildə milyonçu Murtuza Muxtarovun vəsaiti hesabına tikilmişdir. Ötən əsrin 80-ci illərinə qədər dərslər ancaq rus dilində aparılmışdır. Respublikamız müstəqillik qazanandan sonra məktəbdə Azərbaycan bölməsi də açıldı.

Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Mükafat Abbasov məktəbin kollektivini yubiley münasibətilə təbrik etdilər. Bildirdilər ki, bu təhsil ocağının bir çox yetirməsi öz yüksək ixtisas səviyyəsi, peşəkarlığı ilə cəmiyyətimizdə hörmət qazanmış şəxsiyyətlərdir. Məktəbin özünəməxsus ənənələri var. Hazırkı kollektiv bu ənənələri ləyaqətlə davam etdirir.

Natiqlər bir qrup müəllimə təmsilçisi olduğu təşkilatların mükafatlarını təqdim etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Mərasimdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova iştirak edirdi.

Tədbirdə məktəb müəllimlərinin hazırladığı konsert proqramı nümayiş olundu.

Bəyalı RZAYEV