Məktəblinin sağlamlığı öndə gəlməlidir


Baxıldı : 178

Tarix : 2017-09-16 00:44:00


Yeni tədris ilinin başlanması məktəblilər üçün  sevinclə qarşılansa da, valideynlər övladlarının sağlamlığı baxımından bir sıra problemlərin olduğunu söyləyir. Onları narahat edən məsələlərdən biri məktəb çantalarının ağırlığı, uşaqların bu yüklənmiş çantaları daşımaqda çətinlik çəkmələridir. Digər bir məqam isə məktəbli geyimlərinin nə dərəcədə keyfiyyətli olmasıdır. Valideynlər arasında apardığımız sorğular zamanı məlum oldu ki, nə məktəbli forması, nə də ki çantalar onların ürəyincə deyil. Səbəb isə formaların baha və keyfiyyətsiz, çantaların isə uşaqlara görə ağır olmasıdır.  

 "Bəzi istehsalçılar saxta formaları tikir və müxtəlif bazarlarda, ticarət mərkəzlərində satışa çıxarırlar. Bununla da onlar yerli istehsalın inkişafının qarşısını alırlar. Bizə aid olan, lakin başqa ölkələrdə tikilmiş keyfiyyətsiz formalar satılır. Bu şəxslər insanları aldatmaqla məşğuldur. Alıcılar paltarların üzərində bizim emblemi görüb aldanırlar. Bu sözləri Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov məktəbli formalarının qiymətləri ilə bağlı danışarkən söyləyib. E. Əzimov bildirdi ki, məktəbli formalarının tikilməsində istifadə olunan parçaları Türkiyə firmasından alırıq. Həmin parçanın Avropa laboratoriyasından sertifikatı var. E.Əzimov satış qiymətlərində ötən illə müqayisədə heç bir fərq olmadığını deyib: "Aşağı siniflər üçün formaların qiyməti 40 azn (26-44ölçü), yuxarı siniflər üçün isə 46 azn (32-54) təşkil edir. Tövsiyə edirəm ki, alıcılar dükandan, bazarlardan və s. yerlərdən formalar almasınlar".

Məktəbli forması ilə yanaşı, həm də ibtidai sinifdə oxuyan uşaqlara çanta seçimi edərkən diqqətli olmaq lazımdır. Mütəxəssislər bildirir ki, valideynlər narahat olmaqda haqlıdlırlar. Belə ki, son illər bel və boyun yırtığı ibtidai sinif şagirdləri arasında daha çox müşahidə edilir. Bunun əsas səbəbi isə məktəbli çantalarıdır. Ağır yük qaldırmaq onurğada həddindən artıq stressə səbəb olur. Bu stress uşaqlarda hələ inkişaf etməkdə olan oynaq, əzələ və bağ toxumalarında gərginliyə və ağrılara gətirib çıxarır.

Bəs çanta seçərkən valideynlər əsas nələrə üstünlük verməlidir? Ümumiyyətlə, məktəb çantasının ağırlığı nə qədər olmalıdır?

Həkim-ortopedlərin fikrincə, 8 yaşınadək uşaqlar 2, 8-12 yaşındakı uşaqlar ən çox 4, 12-15 yaş arasındakı uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. Çantanın asqılarının uzun və ensiz olması bütün ağırlığın belə yönəlməsinə səbəb olur və ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində ağrı əmələ gəlir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə çıxış yolunu məktəblilərin çalışma dəftərlərini sinifdə saxlamasında, tədris olunan fənlərin sayının azaldılmasında və kitabların həcmində ixtisarlar edilməsində gördü: "Son illər məktəblərdə tədris edilən fənlərlə yanaşı dərs vəsaitlərinin də sayının artdığını nəzərə alsaq, dərsə gedən məktəblinin gündəlik daşıdığı yükün ağırlığını təsəvvür etmək elə də çətin deyil. Valideynlər də haqlı olaraq, son illər məktəblilərin çantalarının ağırlığından tez-tez şikayətlənirlər. Çünki ibtidai siniflərdə təhsil alan uşaqların gündəlik istifadə etdiyi fənn kitablarından əlavə vəsaitlərlə məktəbə gəlib-getməsi onların çantalarının bir qədər də yüklənməsinə səbəb olur. Odur ki, valideynlərin mütləq əksəriyyəti məktəbə gedən övladının çantasını ən azı dörd-beş il özü daşımalı olur.

Əsli ƏHMƏDOVA