Məlumatları informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar


Baxıldı : 83

Tarix : 2018-04-14 01:09:06


Müvafiq icra hakimiyyəti orqanı tərəfindən  işsizlər üçün elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə həmin sistemə daxil etdikləri məlumatlar əsasında vakansiya bankı yaradılır. Elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.

Məsələni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli dedi ki, belə bir sistemin yaradılaraq mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi çox vacibdir. Bu məsələyə sistemli bir yanaşmanın olması işəgötürənlərlə işçilər arasında körpü rolunun oynanılması nöqteyi-nəzərindən əhəmiyyətlidir: “Digər bir tərəfdən isə, bu gün ölkəmizdə gündəlik tələbata uyğun olmayan peşələrin hələ də tədris olunması, insanların mütəxəssis kimi yetişməməsi, universitetlərdə təhsil səviyyəsinin qənaətbəxş olmaması səbəbindən bu kompleks yanaşmaya ehtiyac var. Mən düşünürəm ki, vakansiya bankının yaradılması bu işin sistemləşdirilməsində mühüm rol oynayacaq.

Bu sistemin necə tətbiq olunacağına gəldikdə isə deyə bilərəm ki, bu, ancaq dövlət qurumları üçün keçərli olacaq. Çünki özəl təşkilatlar və kommersiya qurumları ilə bağlı tamam fərqli proseslər və fərqli qaydalar tətbiq olunur. Özəl sektor özü qərar verir ki, nə qədər işçi lazımdır, nə qədər iş yerləri açacaq və həmin iş yerlərinə hansı prinsiplər əsasında işçilər qəbul edəcək. Qanun, sadəcə, onlardan tələb edir ki, işə götürdüyü şəxslərlə normal əmək müqaviləsi bağlasın, həm əmək müqaviləsinin şərtlərinə əməl etsin, həm də işçilərin hüquqlarının pozulmasına yol verilməsin. Bizi maraqlandıran məsələ dövlət və hökumət orqanlarında, yəni büdcədən maliyyələşən orqanlarda iş yeri elanlarının normal şəkildə verilməsidir. Çünki həmin qurumlar dövlət büdcəsindən maliyyələşdirilir və ictimaiyyətə tam açıq olmalıdırlar. Orada keçirilən iş yerlərinə qəbul prosesi də şəffaf olmalıdır. Bura necə nəzarət olunacağı məsələsinə gəldikdə isə,  dövlət orqanlarının nəzarətindən başqa özəl, yəni həmkarlar ittifaqı komitələri, qeyri-hökumət təşkilatları, jurnalistlər, media orqanları bu sahədə aktiv olmalıdırlar və tələblər irəli sürməlidirlər ki, boşalan iş yerləri, vakansiyalarla bağlı, əsasən büdcədən maliyyələşən təşkilatlarda vaxtında məlumatlar dərc olunsun və işə qəbul şəffaf şəkildə keçirilsin. Ümumiyyətlə, məlumatları nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, bu sistem əslində bəzi dövlər orqanlarında var: “Bu praktika tam olmasa da, qismən icra olunur. Dövlət qulluğu imtahanlarında, Dövlət Neft Şirkətinin özündə də oxşar sistem həyata keçirilir. Yəni bu orqanların verdiyi müsabiqədə iştirak edənlər və yaxud  əmək müqaviləsinə xitam verilənlər avtomatik olaraq orqanın vakansiya bankına düşür və sonra onları ehtiyacı olan orqanlar yenidən işə qəbul edə bilirlər. Yəni bu, ölkəmizdə artıq hissə-hissə tətbiq olunmaqdadır.

Əslində məşğulluq mərkəzlərində onsuz da iş axtaran şəxslər uçota salınır. Məşğulluq mərkəzlərində vakansiyalara dair məlumatlar toplanılır və onun əsasında da rayonlarda, yerlərdə yarmarkalar keçirilir. Bu prosesin təkmilləşdirilərək sistemləşdirilmiş informasiya mərkəzi vəziyyətinə gətirilməsi sevindirici haldır”. 

Aliyə SƏMƏDOVA