Mən və Məmmədəli Suvarov II qrup əlilik


Baxıldı : 162

Tarix : 2018-07-05 06:40:55


Mən və Məmmədəli Suvarov II qrup əlilik. Rayonun Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin Bəşəru sahəsində işləyrik. Eşitmişik ki, işləyən əlillərin əməkaqqına 20 faiz miqdarında əlavə ödəniş verilir. Bu bizə də aid ola bilərmi?

 

Hidayət RƏHMANOV,

Lənkəran şəhəri.

 

- Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram” təsdiq edilmişdir. Proqramda əlillərin sosial müdafiəsi sisteminin məqsəd və vəzifələri, işə düzəldilməsi və onların əməyindən istifadə edilməsi, onların reabilitasiyası və sağlamlığının möhkəmləndirilməsi və təhsilə cəlb edilməsi məsələləri ilə yanaşı, əlillərin sosial müdafiəsinə yönəldilmiş tədbirlər də müəyyən edilmişdir. Bu tədbirlərin həyata keçirilməsinin təmin edilməsi müvafiq nazirliklər, fondlar, komitələr, baş idarələr və yerli icra hakimiyyəti orqanları ilə yanaşı, aidiyyəti üzrə idarə və təşkilatlara da tapşırılmışdır.

Sualınızda qeyd etdiyiniz əməkhaqqına 20 faiz əlavə əlillərin gəlirlərinin müntəzəm artırılmasının təmin edilməsi məqsədini daşıyır. Adıçəkilən Proqramın 5.4-cü bəndində əməkhaqqına əlavənin ödənilməsi müəssisə və təşkilatlara həvalə edilmişdir. Bu bənddə qeyd edilir ki, əmək kollektivinin razılığı ilə kollektivdə işləyən III qrup əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz,  I və II qrup əlillərin əməkhaqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi müəssisə və təşkilatlara tapşırılır.

Əgər çalışdığınız təşkilatın əmək kollektivi razı olarsa, müəssisə tərəfindən hər ikinizin əməkhaqqına qeyd edilən əlavə verilə bilər.

Göründüyü kimi, burada əməkhaqqına hesablanacaq əlavə 10-15 və 20-25 faiz arasında olaraq qeyd edilir. Deməli, bütün təşkilat və müəssisələrdə həmin faiz dərəcəsi eyni olmaya bilər. Belə ki, bu əlavə Sizə 25 faizdən az olaraq da, yəni 20-25 faiz arasında olmaqla ödənilə bilər.

“Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”a əsasən, müəssisə və təşkilatlar tərəfindən əlillərin əməkaqqına nəzərdə tutulan faiz dərəcələri 1994-cü ildən başlayaraq ödənilir.

Bunun üçün işlədiyiniz təşkilatın rəhbərliyinə müraciət etməlisiniz. Əgər razılıq olarsa, əməkhaqqına ödəniləcək əlavəni müraciət etdiyiniz tarixdən ala biləcəksiniz.

 

Ümumtəhsil internat məktəbində tərbiyəçi işləyirəm. Bilmək istəyirəm, mənə neçə gün məzuniyyət düşür?

 

Fəridə NAMAZOVA,

Bakı şəhəri.

 

- Ümumtəhsil internat məktəbində tərbiyəçi işləyən işçilərin məzuniyyətinin müddəti 42 təqvim günüdür. Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, aşağıda qeyd edilən  işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:

a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;

b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;

c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;

ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;

d) məşqçi müəllimlərə;

e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.

 

Patent sahibi olmayan şəxs ixtira, faydalı mobel və sənaye nümunəsindən necə istifadə edə bilər?

 

Tural QAFARLI,

Bakı şəhəri.

- “Patent haqqında” qanunun 19-cu maddəsində ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair müstəsna və qeyri-müstəsna lisenziya müqavilələrinin bağlanması qaydası müəyyənləşdirilmişdir.

Patent sahibi olmayan istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər.

Lisenziya müqaviləsinə görə, patent sahibi (lisenziar) ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya fiziki şəxsə (lisenziata) verir. Lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Lisenziya müstəsna və qeyri-müstəsna ola bilər.

Müstəsna lisenziya lisenziata ixtira, faydalı model və sənaye nümunəsindən lisenziya müqaviləsində nəzərdə tutulmuş həcmdə müstəsna istifadə hüququ verir.

Lisenziat lisenziarın yazılı razılığı ilə digər hüquqi və ya fiziki şəxslə sublisenziya müqaviləsi bağlaya bilər. Bu müqavilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır.

Sublisenziya qeyri-müstəsna xarakteri daşıyır və başqasına verilə bilməz. Müstəsna lisenziyaya xitam verildikdə sublisenziya müqaviləsinə də xitam verilir.

Qeyri-müstəsna lisenziya zamanı lisenziar ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu müqavilə əsasında lisenziata verməklə patentlə təsdiq edilən bütün hüquqları, o cümlədən üçüncü şəxslərə lisenziya vermək hüququnu özündə saxlayır.

Müvafiq icra hakimiyyəi orqanında qeydiyyata alınmış lisenziya müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər edildikdə bu cür dəyişikliklər həmin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır.

Lisenziya müqaviləsi ilə bağlı mübahisələrə inzibati qaydada və məhkəmədə baxılır.