Mənə verilən tapşırıq


Baxıldı : 56

Tarix : 2018-01-26 20:44:39


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında müəyyənləşdirilmiş istiqamətlər mədəniyyət işçilərini sıralarında birləşdirən həmkarlar ittifaqının, o cümlədən sədri olduğum təşkilatın fəaliyyətində daha da canlanmaya səbəb olmuşdu. Komitəmiz üzvlərin təşkilatlanması, sosial problemlərinin aradan qaldırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maarifləndirilməsi sahəsində ciddi uğurlara imza atdı.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə silsilə tədbirlər hazırlayıb keçirmişik. “H.Əliyev və Azərbaycan həmkarlar ittifaqları”, “H.Əliyev və müasir Azərbaycan gəncliyi” və sair adlar altında təşkil olunan dəyirmi masalarda şəhərimizin tanınmış siyasət, elm və mədəniyyət xadimləri mühazirə oxumuşlar.

Sahəmizdə sayca üstünlük təşkil edən qadınlarla, gənclərlə bağlı keçirilən seminarlarda, görüşlərdə mütəxəssis, ekspert sözünü vacib bilmişik. Belə tədbirlərdə dəvətimizlə zəngin həyat təcrübəsinə malik ağsaqqallar, ağbirçəklər də gənclərə məsləhət və tövsiyələr veriblər.

Komitənin nəzdində müxtəlif komissiyalar yaradılmışdır. Komissiyaların üzvləri onlara verilmiş səlahiyyət və tapşırıqlara uyğun olaraq çalışırlar. Məsələn, əməyin mühafizəsi üzrə komissiya, regional əmək müfəttişliyinin əməkdaşları da cəlb olunmaqla, “İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda seminar keçirmişdir. Digər komissiyalar ərazi kollektiv sazişin öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti haqqında arayış hazırlayıb komitənin müzakirəsinə çıxarmışdır.

Yeri gəlmişkən deyim ki, “Ən yaxşı iş yeri” baxış-müsabiqəsinin də uğurla yekunlaşmasında komissiyaların əməyi az olmamışdır.

Qurultaylararası dövrdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bizə göstərdiyi hərtərəfli dəstəyi də xüsusi qeyd etmək istərdim. Yerlərdə həmkarlar ittifaqı işini gücləndirməkdən ötrü bizə metodiki vəsaitlər göndərilir. Respublika Komitəsinin məsul əməkdaşları vaxtaşırı şəhərimizə ezamiyyətə gəlirlər. Belə ezamiyyətlərdən biri Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın iştirakı ilə baş tutmuşdur. Cəmilə xanım təşkilatımızın komitə sədrləri, fəalları ilə görüşmüş, maraqlı söhbətlər aparmışdı.

Biz hazırda AHİK-in fevralın 5-də keçiriləcək V qurultayının təşviqi ilə məşğuluq.

Komitədə son 5 ildə Azərbaycan həmkarlar ittifaqının keçdiyi yolu əks etdirən qəzet, jurnal materiallarından, kitablardan ibarət guşə yaratmışıq. Biz qurultaya öz arzu və təkliflərimizi hazırlamışıq. Bu təkliflərin qurultayda səsləndirilməsi nümayəndə olaraq mənə tapşırılmışdır.

Sahib AXUNDOV,

Mədəniyyət İşçiləri Həmkarlar

İttifaqı Gəncə Şəhər

Komitəsinin sədri