Mənəvi dəyərlərimizə  xələl gətirənlər cəzalandırılmalıdır


Baxıldı : 68

Tarix : 2018-07-28 04:47:18


Son illər dünyada  ən gəlirli sahə sayılan  turizmin inkişafı  ilə bağlı ölkədə aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycanın turizm ölkəsi kimi tanınmasını sürətləndirdi. Bunun nəticəsidir ki, bu ilin ilk 6 ayı ərzində Azərbaycana gələn turistlərin sayında 10 faizdən çox artım müşahidə olunub. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Azərbaycana 189 ölkədən 1 mln. 325 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların əksəriyyətini, təqribən 31 faizini,  Rusiya Federasiyasından gələn turistlər təşkil edir. Sıralamada növbəti yerlərdə Gürcüstan, Türkiyə və İran durur. Körfəz ölkələrindən gələnlərin sayında da əhəmiyyətli artım müşahidə edilib.

Mütəxəssislər hazırda əldə olunan nailiyyətlərin qorunub saxlanması və turistlərin sayının artırılması üçün  ölkəsini turizm mərkəzi kimi görmək istəyən hər bir vətəndaşın onlara qarşı həssas yanaşmasını vacib sayır. Belə ki, son günlər qonaqlara qarşı  həm sosial şəbəkələrdə yayımlanan, həm də şahidi olduğumuz bəzi xoşagəlməz, qeyri-etik davranışlar  yolverilməzdir. Məsələn, ağacın  kölgəsində dincəlmək istəyən və ya yolu tapmaqda çətinlik çəkib kömək istəyən əcnəbilərdən pul istənilməsi, respublikanın səfalı yerlərində şəlaləyə baxmaq üçün hər turistdən 20 manat, bir samovar çayı üçün 50 manat alınması və sairə...bunları kifayət qədər uzatmaq da olar. Özüm şahidi olduğum bir mənzərəni yazmaqla utanc gətirən bu misallara yekun vuracağam. Paytaxtın mərkəzi küçəsində 4 nəfərdən ibarət (ata, ana və iki qızı) ərəb ailəsi gəzirdi. Onlara yaxınlaşan gül satan oğlan kişinin  qızlarına və yoldaşına gül verib, ingilis dilində “15 manat edir “ dedi. Ailə başçısı isə gülləri qızlarından və yoldaşından  alıb geri qaytardı və istəmədiyini bildirdi. Gül satan oğlan əl çəkmir, onların qarşısını kəsib gülü almaları üçün  məcbur edirdi. Uzun mübahisədən sonra ata ürəksiz şəkildə gülün birini almağa məcbur oldu. Bəlkə də yanlarından ötən hər kəsin maraqlı baxışlarından utandı.

Ölkənin turizm mərkəzi kimi dünya miqyasında tanınması, mədəniyyətimizin, milli  adət-ənənələrimizin, qonaqpərvərliyimizin  turistlərə düzgün aşılanması üçün nələrə diqqət etməliyik?

Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirdi ki, ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür: “Bakının kommunikasiya və marketinq planı hazırlanır və turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası üzrə də işlər görülür. Xüsusən paytaxtda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Bundan başqa, bələdçilərin, otel işçilərinin, turizm menecerlərinin sayının artırılması nəzərdə tutulub. Həmçinin agentlik tərəfindən bütün turizm obyektlərində qiymətlərin göstərilməsi barədə dövlətə təklif veriləcək. Çünki  ölkəmizdə turizm sahəsi gündən-günə inkişaf etsə də, bu sahədə hələ müəyyən problemlər var. Xidmət göstərilən yerlərdə, xüsusən regionlarda qiymətlər əvvəlcədən yazılı göstərilmir. Bu da nəticədə narazılıq yaradır. Turistlərin hətta sadə suallarına cavab vermək üçün insanların pul istəməsi kimi biabırçı hallara da rast gəlinir. Məsələn, metronun “İçərişəhər” stansiyasından Qoşa qala qapısına getmək istəyən rus turistdən yolu göstərib 10 manat istəyən vətəndaş olub. Əlbəttə, bunların qarşısı alınacaq.  Hazırda bir çox oteldə məlumat monitorları var, amma bunların sayı çoxalmalıdır. 10 - dan çox oteldə, şəhərin girişində, hava limanı, dəmiryol vağzalı və şəhərin mərkəzi küçələrində,  dövlət qurumlarının iştirakı ilə yeni məlumat köşkləri yaradılacaq. Buradan turistlər rahat şəkildə məlumat ala biləcəklər.

 K. Quluzadə onu da qeyd etdi ki, bəzən xidmət sahəsində insanları milliyyətinə görə də fərqləndirirlər. Məsələn, restoranda masaya yemək aparanda ofisiant deyir:  bunu rusların, bunu ərəblərin masasına apar. Bu, qətiyyən yolverilməzdir. Masanın nömrəsi ilə deyilməlidir. Yəni milli, irqi ayrı-seçkilik etmək, bir neqativ halı kütləyə şamil etmək bizim xalqımızın qonaqpərvərliyinə, gülərüzlüyünə yaraşmır. Mən demirəm ki, hamı belə edir, amma bu cür hallar var.

 “Kütləvi informasiya vasitələrində, televiziya kanallarında verilişlər hazırlanmalı, fürsətdən istifadə edib  küçələrdə, restoranlarda, otellərdə turistlərə qarşı suni qiymət artımına yol verənlər mütləq cəzalandırılmalıdır”.  Bunu Azərbaycan Turizm Assosiasiyasının sədr müşaviri Müzəffər Ağakərimov dedi. Qeyd etdi ki, maarifləndirici işlər aparılmalıdır. Onlar başa düşməlidir ki, əgər yüksək səviyyədə xidmət göstərilərsə, turist və qonaqlar məmnun qalarsa, pul özü gələcək.  Burda mənəvi dəyərlərdən söhbət gedir. Məsuliyyətli şəxslər icazə verməməlidir ki, nüfuzumuza, imicimizə xələl gəlsin.

Əsli ƏHMƏDOVA