Məni 2 gün əvvəl işdən çıxartdılar


Baxıldı : 26

Tarix : 2019-10-11 17:26:02


Məni 2 gün əvvəl işdən çıxartdılar. Səbəb kimi əmək vəzifələrini kobud şəkildə pozmağımı göstərirlər. Bilmək istəyirəm ki, əmək vəzifələrinin kobud şəkildə pozulması dedikdə nə başa düşülür? Mən gün ərzində işə gəlməmişdim və bu haqda izahat da yazıb vermişəm.

 

Ayşən VEYİSOVA, Balakən rayonu.

 

- Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə müəyyən edilir. “a” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi “tərəflərdən birinin təşəbbüsü” qeyd edilir. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallarda müqaviləyə işəgötürən tərəfindən xitam verilir. Bunun hansı hallarda mümkün olacağı ƏM-in 70-ci maddəsində əks olunub. “ç” bəndində deyilir: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir, yaxud ƏM-in 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Bu maddədə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi hallar dəqiq müəyyən edilmişdir:

- özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi,

- alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması,

- təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması,

- təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması,

- qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi,

- əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi,

- əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması,

- iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi (AR ƏM, maddə 72).

Lakin nəzərinizə çatdırırıq ki, belə hallarda əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verməsini tələb etməlidir. Bu izahatın verilməməsi müqaviləni ləğv etməyi istisna etmir. Sizin qeyd etdiyiniz əsasla əmək müqaviləsinin ləğv edilməsi zamanı işçinin hansı öhdəliyi yerinə yetirmədiyi işəgötürənin əmrində (sərəncamında) göstərilməli və bu əsas lazımi sənədlərlə təsdiq edilməlidir. Yəqin ki, işə gəlməməyinizin səbəbi lazımi sənədlərlə təsdiq olunmayıb.

 

İl ərzində müəssisəyə 3-4 dəfə əmək qabiliyyəti olmama vərəqəsi təqdim etmişəm. İndi məzuniyyətə çıxıram. Kadrlardan mənə bildirilib ki, məzuniyyət pulu hesablanarkən əmək qabiliyyəti olmama vərəqəsi təqdim etdiyim dövr üçün mənə əməkhaqqı hesablanmayacaq. Səbəb kimi mənim artıq o müddətə görə pul aldığımı bildirdilər.

 

Talehə MƏMMƏDOVA, Biləsuvar rayonu.

- Sizi maraqlandıran məzuniyyət vaxtı üçün əməkhaqqının ödənilməsi qaydalarıdır ki, bu da Əmək Məcəlləsi və Nazirlər Kabinetinin (NK) 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı” ilə nizamlanır.

ƏM-in 139-cu maddəsində deyilir ki, məzuniyyət vaxtı üçün ödənilən, orta əməkhaqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.

Qanunvericilik əməkhaqqı anlayışını belə izah edir:

əməkhaqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Qeyd edilən ödənclərin tam siyahısı isə yuxarıda qeyd edilən NK tərfindən təsdiq edilmiş geniş Siyahıda “nəzərə alınan ödənişlər” və “nəzərə alınmayan ödənişlər” kimi göstərilmişdir.

Siyahının “nəzərə alınan ödənişlər” hissəsində “əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər” adlanan bənd də yer almışdır.

Bütün qeyd olunanlara əsasən bildiririk ki, mühasibatlıqdan və kadrlar şöbəsindən sizə “əmək qabiliyyəti olmama vərəqəsi təqdim etdiyiniz dövr üçün əməkhaqqı hesablanmayacaq, o müddətə görə pul almısınız” deyilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün düzgün deyil. Belə ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 62-ci bəndinə uyğun olaraq əmək qabiliyyətinin itirilməsi hallarında qazancın faizi miqdarında müavinət hesablanıb verilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən, qeyd olunan müavinətin miqdarı da ƏM-in 177-ci maddəsinə uyğun olaraq hesablanır. Maddəyə əsasən, orta əməkhaqqı - işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin ƏM-də və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.