Məqsəd əhalinin sosial müdafiəsini gücləndirməkdir


Baxıldı : 84

Tarix : 2017-08-18 23:50:49


İyunun 30-da Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladı. 5 avqust tarixində isə Qanunun tətbiqi ilə bağlı Fərman verdi.

 

Bu Qanun 1 yanvar 2018-ci ildə tətbiq olunacaq. Fərmana əsasən, sığorta olunanların və sığorta edənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının, fərdi məşğulluq proqramlarının yerinə yetirilməsi qaydasının və hesabatın formasının, sığorta ödənişinin verilməsi qaydasının, sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi qaydasının, sığorta olunanların əməkhaqlarının maliyyələşdirilməsi qaydasının, işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılmasının və hesabatın təqdim olunması qaydasının təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin qaydaların təsdiq edilməsi ilə Qanunun tətbiqi mexanizmi açıqlanacaqdır.

Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qanunun qəbul olunmasında əsas məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməkdir. Bu təminat əmək bazarında yeni maliyyələşmə mexanizmlərinin yaradılması, Azərbaycan Respublikası qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunanların itirilmiş  əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə həyata keçiriləcəkdir.

Qanunun qəbul olunması, onun gələcəkdə tətbiqi mexanizmi, kimlərə şamil olunması haqda AHİK-in Zəhmətkeşlərin Əməyinin və Sosial-İqtisadi Mənafelərinin Müdafiəsi üzrə Şöbənin baş mütəxəssisi Arif İbrahimov və AHİK-in Hüquq Şöbəsinin əməyin hüquq müfəttişi Sevil Zeynalova ilə söhbət apardıq.

Dedilər ki, bu Qanun bütün işsizlərə, o cümlədən siyasi vəzifə tutan şəxslərə şamil edilmir. Qanun dövlət orqanının, hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Yəni müəssisə ləğv edildikdə, ya da ştatlar ixtisar olunanda işsizlər bu hüququ qazanır.

Ödənişini almaq üçün sığorta olunanların minimum sığorta stajı 3 il müəyyən olunmuşdur. Bu zaman işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində sığorta stajı 12 aydan çoxdursa, əsas sığorta ödənişi, qeyd olunan staj 12 aydan azdırsa, minimum sığorta ödənişi təyin edilir. Müəyyən kateqoriya şəxslərə sığorta ödənişinə əlavə də nəzərdə tutulur. Əsas sığorta ödənişi və ya minimum sığorta ödənişi almasından asılı olmayaraq himayəsində 18 yaşa çatmamış uşağı olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsilini bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin sığorta ödənişinə əlavə nəzərdə tutulur. Bu əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

Qanunda ilkin, təkrar və növbəti müraciət zamanı sığorta ödənişinin verilməsi şərtləri və müddətləri də müəyyən edilmişdir. İlk dəfə müraciət zamanı sığorta ödənişi işsizliyin müddətinin davamlılığına uyğun olaraq hesablanır. Lakin məbləğ minimum sığorta ödənişindən az olmamalıdır. İlkin müraciətdən (6 ay) sonra təkrar müraciət zamanı (3 ay) minimum sığorta ödənişi ödənilir.

 "Həmkarlar ittifaqları haqqında" qanunun 10-cu maddəsinə əsasən, işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihəsinə həmkarlar ittifaqı respublika birliyinin rəyi müzakirə edilməklə baxılır. Buna uyğun olaraq, Qanun layihəsi ƏƏSMN tərəfindən hazırlansa da, rəy və təkliflərin bildirilməsi üçün AHİK-ə təqdim edilmişdir.

Qanun layihəsinə Konfederasiyanın müvafiq şöbələrində baxılmış və bir neçə təklif irəli sürülmüşdür. Layihənin müzakirəsində həmin təkliflərin əksəriyyəti qəbul olunmuşdur.

Aliyə SƏMƏDOVA