Məqsəd gücümüzü zəiflətməkdir


Baxıldı : 121

Tarix : 2018-07-07 00:13:47


“Shell” neft şirkəti  çalışanlara qarşı qayğıkeş olduğunu nümayiş etdirmək üçün  iyulun 5-dən 8-nə qədər Londonda “Queen Elizabeth” Olimpiya Parkında böyük kampaniya keçirir. Kampaniyaya məşhur simalar dəvət olunaraq qurumun işçilərlə münasibətlərinin yaxşı olduğu göstərilməyə cəhd edilir. Lakin həmkarlar ittifaqlarından verilən açıqlamaya görə, dünyada “Shell”in 200 mindən çox işçisi daha təhlükəli işlərdə müvəqqəti müqavilələrlə çalışdırılır.

Statistik göstəricilərə görə, müvəqqəti müqavilə ilə çalışanların sayı daimi işçilərdən çoxdur, üstəlik, əməkhaqqının azlığı ilə bağlı problemlər də qalmaqdadır.

İndustriALL Qlobal İttifaqı “Shell” şirkətinə rəsmi məktub göndərərək  çalışanlarla münasibətdə razılaşdırılmış konvensiyaya uyğun addım atmasını tələb edib. Məktubda  təhlükəsiz əmək şəraiti ilə bağlı çatışmazlıqların aradan qaldırılması, insan hüquqlarının qorunmasına həssaslıqla yanaşılması, tibbi sığortanın tətbiqinin bütün dünyadakı şirkətə aid müəssisələrdə standartlaşdırılması kimi məsələlər yer alıb. Lakin şirkət rəhbərliyi  tələblərlə bağlı tərəflərin görüşməsinə razılıq verməyib.

Məsələyə münasibət bildirən İndustriALL-ın baş katibinin köməkçisi Kamal Özkan deyib ki, “Shell” qlobal bir şirkətdir. Çalışanlara münasibətdə örnək davranış sərgiləmək yerinə, bizimlə danışıqlardan boyun qaçırır: “Məqsəd çalışanların haqlarını tələb etmək yolunda gücümüzü zəiflətməkdir. Onların indi  “Gələcəyi yarat” kampaniyası gündəmdədir. Biz kampaniya çərçivəsində müvəqqəti müqavilə ilə çalışan işçilərin həyat təminatının  yaxşılaşdırılması yönündə addımlar atılmasını istəyirik”.