Məqsəd vətəndaşlarımızın daha yaxşı yaşamasıdır


Baxıldı : 66

Tarix : 2019-03-04 04:34:45


Azərbaycan dövləti əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl addımlar atmaqdadır. Təkcə son iki ayda Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar buna parlaq misaldır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan tədbirləri ölkəmizdə son illərdə baş verən sürətli iqtisadi inkişafla əlaqələndirdi. “İqtisadiyyatdan gələn gəlirlərin əhalini narahat edən problemlərin həllinə, onların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilməsi dövlətimizin yeritdiyi siyasətin sosialyönümlü xarakterli olmasından irəli gəlir”, - dedi.

V. Bayramov dedi ki, Prezidentin imzaladığı fərmanla 12268 şəhid vərəsələrinə ödəniləcək məbləğ 135 milyon manat təşkil edir. Yaxın zamanlarda bütün şəhid ailələrinin yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Onların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Elə ilk olaraq şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qaldırıldı.

Dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Sosial müavinətlərin, ardınca məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin artırılması barədə imzalanmış sərəncamlar həyata keçirilən böyük işlərin davamıdır.

Sosial müavinətlərin artırılması ilə bağlı sərəncam 600 min əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan çox böyük bir addım hesab edilə bilər və beləliklə müdafiə tədbirlərinin əhatə dairəsi genişlənmiş olur.

Əmək pensiyaları haqqında qanuna dəyişiklik edilməsi nəticəsində pensiyanın minimum məbləği 160 manatadək qaldırıldı və bu da yüz minlərlə pensiyaçını əhatə edəcək. Bu gün minimum pensiya səviyyəsinə görə, Azərbaycan MDB-də ikinci yerdədir.

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” imzalanmış son sərəncamda sosial müavinətlərin artırılacağı nəzərdə tutulur və artırılacaq məbləğlər konkret olaraq müəyyənləşdirilir. Burada nəzərə çarpan ən mühüm cəhətlərdən biri də sərəncamın 580 minə qədər insanı əhatə etməsidir. Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdünün təsis edilməsi yer alıb.

V.Bayramov daha sonra dedi: “Fevralın 25-də Prezidentin yanında keçirilmiş iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də əhalinin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyinə dair mühüm məsələlər qarşıya qoyuldu. Bu tədbirlərin həyata keçirilməsi dövlətə 1 milyarddan çox vəsaitə başa gələcək”.

Əhalini narahat edən digər vacib bir məsələ, problemli kreditlərin həlli ilə bağlı fevralın 28-də ölkə başçısı tərəfindən fərman imzalanıb. Fərmanla əlaqədar V. Bayramov bildirdi ki, devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulası İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təklif etdiyi mexanizmdir. Əvvəla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaq. Bu zaman birinci devalvasiyayadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dən 2015-ci il dekbarın 21-dək, yəni birinci devalvasiyayadək olan dövr üçün hər 1 dollara 0.25 qəpik güzəşt hesablanacaq. Bu o deməkdir ki, birinci devalvasiyayadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyayadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzəşt əldə edə bilər. Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır. Birinci və ikinci devalvasiya arası götürülən kreditlər üçünsə hər dollara 0.60 qəpik güzəşt tətbiq olunacaq. Bu 10 min dollara 6 min manat güzəşt deməkdir.

Fərmanla fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyə olunur. Bu faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir.

Sənədə əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlər veriləcək. Bu o deməkdir ki, vətəndaşlar banklardan illik 1 faizlə manatla kredit götürməklə digər öhdliklərini ödəyə biləcəklər.

Hər bir vətəndaşa ödəniləcək güzəştin maksimum məbləği 5 min dollar olacaq. Bu isə o deməkdir ki, 10 min dollar kredit götürən şəxs onun yarısı qədər maksimum məbləğ olmaqla güzəşt əldə edə biləcək.

 

Əhəd İBADOV