Məqsədimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır


Baxıldı : 163

Tarix : 2017-12-27 18:40:48


Əməkdaşımız 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevlə görüşüb ondan müsahibə götürmüşdür. -Valeh müəllim başa çatmaqda olan il komitəniz üçün hansı yaddaqalan tədbirlərlə əlamətdar olmuşdur? - 2017-ci ildə Dövlət Komitəsi tərəfindən, 4-ü beynəlxalq əhəmiyyətli olmaqla, 350-dən çox tədbir həyata keçirilib. Bunlar əsasən, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimizin yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da inkişaf etdirilməsi və lobbiçiliyin gücləndirilməsi ilə bağlı olub. Bu istiqamətdə martın 16-17-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumunu qeyd etmək istərdim. Bir sıra ölkənin indiki və sabiq dövlət başçılarının iştirak etdiyi Forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev çox geniş və məzmunlu nitq söyləyib, dünyanı narahat edən qlobal problemlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini diqqətə çatdırıb. Avqustun 21-də isə Bakıda yenə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Qlobal Gənc Liderlər Forumu baş tutub. Foruma dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı, bir sıra nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, gənc iş adamları, eyni zamanda bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb. -Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmizə qarşı anti-təbliğat kampaniyalarının qarşısının alınması istiqamətində hansı işlər görülüb? -Bu istiqamətdə həyata keçirilmiş ən əhəmiyyətli tədbir noyabrın 20-də Belçika Krallığının Brüssel şəhərində baş tutan "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum oldu. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin, separatizmdən əziyyət çəkən bir sıra ölkənin deputatları, siyasətçiləri də daxil olmaqla ümumilikdə 200 nəfərin iştirak etdiyi forumda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi bəyanatlar və mesajlar səsləndi. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ekspertlər mövqelərini bildirib, beynəlxalq ictimaiyyətə mesajlar verdilər. Sonda "Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatının Təşəbbüs Qrupunun bəyanatı qəbul edildi. Bundan başqa, VI Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afina şəhərində "Avro-Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli" mövzusunda XIII Ali səviyyəli toplantı keçirilib. Bu toplantıda da Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Azərbaycanın mövqeyini iştitakçıların diqqətinə çatdırıb. İl ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması məqsədilə Azərbaycan diaspor təşkilatları tərəfindən Avropa, ABŞ, Kanada və digər ölkələrdə etiraz aksiyaları, yürüşlər, fləşmoblar, fotosərgilər təşkil olunub, ictimai nəqliyyatlarda videoçarxlar, filmlər nümayiş etdirilib, yerli qanunverici orqanlara müraciətlər göndərilib, dəyirmi masa, konfranslar keçirilib. 2017-ci ildə Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində yürütdüyü siyasətə dəstək nümayiş etdirmək məqsədilə Avropanın müxtəlif şəhərlərində aksiyalar təşkil ediblər. Bu ilin martında Fransanın paytaxtı Parisin Joffre meydanında keçirilmiş mitinqdə 400-dən çox həmvətənimiz iştirak edib. Eyni zamanda Azərbaycan diaspor təşkilatları iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı etiraz aksiyaları təşkil ediblər. Azərbaycan diaspor təşkilatları yaşadıqları ölkələrin rəhbərliklərinə, beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dinc sakinlərin öldürülməsinə etiraz olaraq məktublar ünvanlamış, bəyanatlar yayıb, xarici kütləvi informasiya vasitələrində, məqalələrlə çıxış ediblər. - Növbəti ildə nə kimi tədbirlər, yeniliklər gözlənilir? - Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan həqiqətlərinin təbliği, erməni diasporunun ölkəmizə qarşı anti-təbliğat kampaniyalarının qarşısının effektiv şəkildə alınması, diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarının, gənclərin diaspor quruculuğu işinə cəlb olunması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Müxtəlif ölkələrin tanınmış siyasi xadimlərinin, parlament üzvlərinin Azərbaycana səfərlərinin təşkili, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində VI Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır. Eyni zamanda, Azərbaycanın turizm imkanlarının, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin, ölkəmizin əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda təbliği istiqamətində diaspor təşkilatları tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi gözlənilir. Müsahibəni apardı: Əsli ƏHMƏDOVA