Baxıldı : 71

Tarix : 2017-09-16 00:46:59


Qeyri-neft sektorunun prioritet sahəsi hesab edilən kənd təsərrüfatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Müşahidələr göstərir ki, aqrar sektorun vergiyə cəlb olunması ilə bağlı vergi ödəyiciləri tərəfindən bir sıra suallar yaranır.

Xatırladaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarın 1-dən etibarən daha 5 il müddətinə bir sıra vergiləri ödəməkdən azad edilirlər.

Güzəştlər kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərə aid olunmur. Başqa sözlə, həmin güzəştlər, misal üçün, süd məhsulları və  yem istehsalı, balıq, pendir, qurudulmuş meyvə, ət satışı ilə məşğul olan müəssisələrə şamil edilmir. Statistika Komitəsinin təsnifatına əsasən, süd kənd təsərrüfatı məhsullarına, süd məhsulları isə emal sənayesi məhsullarına aid edilir.

İqtisadçı-ekspertlərin fikrincə, qanunun qəbulunda məqsəd kənd təsərrüfatı məhsullarının istehsal maya dəyəri xərclərinin və qiymətlərinin aşağı salınmasına, məhsul bolluğunun yaradılmasına nail olmaqdır. Hesablamalara əsasən, 2003-2013-cü illərdə kənd təsərrüfatı istehsalçılarına edilən vergi güzəştlərinin məbləği 1 milyard manatı ötüb.

Vergi qanunvericiliyindəki bu məqam bəzən sahibkarlar tərəfindən düzgün başa düşülmədiyindən mübahisələrə səbəb olur.

Məhz hansı hallarda kənd təsərrüfatı məhsullarından vergi ödənilməlidir?

 Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanovun sözlərinə görə, bu əsasən o zaman baş verir ki, sahibkar istehsal etdiyi məhsulu və ya yetişdirdiyi heyvanı təbiətdə mövcud olandan fərqli formaya salaraq satır: "İstehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir".

Nicat İmanov bildirir ki, bu siyahıya qurudulmuş meyvələr, kompotlar, turşular və konservləşdirilmiş məhsullar aiddir.

Vergilər Nazirliyinin rəsmisi onu da qeyd edir ki, kənd təsərrüfatı məhsullarının formasını dəyişib satan sahibkarlar kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından  illik dövriyəsi 200 min manata qədər olduğu halda, onlar sadələşdirilmiş vergi ödəyicisi hüququna malikdir və təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 4 faiz, regionlarda 2 faiz dərəcə ilə hesablanır.

Əgər sahibkarın dövriyyəsi 200 min manatdan yüksək olarsa, onlar əldə etdiyi vəsaitin gəlir hissəsindən 20 faizlik gəlir vergisi verməli olacaqlar.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli qəzetimizə verdiyi müsahibədə bildirdi ki, bu sahədə dünya təcrübəsi tətbiq edilməlidir: "Bu baxımdan fermerlərə elə yanaşmaq lazımdır ki, onlar da normal biznes qurmağı bacarsın. Dünyanın çox ölkəsində kənd təsərrüfatı məhsulları istehsalçıları və tədarükçüləri vergi ödəyicisidir. Düzdür, elə etmək lazımdır ki, Azərbaycan istehsalçıları vergini ən aşağı faizlə ödəsinlər. Yəni əsas məqsəd olmalıdır ki, fermerlər vergi ödəməyi öyrənsinlər". 

Ekspertin fikrincə, hər hansı bir sahədə istehsal və ya emal ilə bağlı bir çətinlik varsa, hökumət bu problemi başqa bir formada həll etməlidir. Güzəştli kreditlərin verilməsi,  vergi yükünün nisbətən azaldılması, subsidiyanın verilməsi və s. bu kimi alətlərdən istifadə daha məqsədəuyğundur. 

"Vergi ödəmək bir mədəniyyətdir və bizim məqsədimiz bunu təbliğ edib fermerləri, kəndliləri və sahibkarları maarifləndirməkdir",- deyə V. Məhərrəmli söylədi.

Günel QULİYEVA