Mərdəkandan Gədəbəyə qədər


Baxıldı : 28

Tarix : 2019-08-09 17:47:57


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının uşaqları üçün Mərdəkanda düşərgə təşkil olunub. Akademiyanın rəhbərliyinin dəstəyi və Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə yaradılan düşərgədə 7-14 yaş arası məktəblilərin istirahəti nəzərdə tutulub. Yayın sonuna kimi düşərgədə onlarla məktəbli, hər biri 14 gün olmaqla, 5 növbədə dinlənəcək. Bir növbə üçün adambaşı ödəniş haqqı 250 manatdır. 100 manat valideyn, 150 manat isə institutun həmkarlar ittifaqı komitəsi tərəfindən ödəniləcək.

Düşərgədə komfortlu kotteclərdə gündə 4 dəfə yemək veriləcək, ingilis dili və rəqs məşğələləri, məntiqi-əyləncəli oyunlar, diskoteka, idman yarışları keçiriləcək. Kompleksin ərazisində hovuz, stolüstü tennis, qum üzərində futbol və voleybol meydançaları var. Bundan əlavə, 24 saat həkim və kamera nəzarəti mövcuddur. Uşaqlar maraqlı ekskursiyalara aparılacaqlar.

***

Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun 20 nəfər əməkdaşı Quba rayonunda 2 günlük turist səfərində olmuşdur. Səfər institutun həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə baş tutmuşdur. Səfər müddətində əməkdaşların xoş, əyləncəli günlər yaşaması üçün hər cür şərait yaradılmışdı. Institutun əməkdaşları istirahət etməklə yanaşı, Qubanın tarixi yerlərini də ziyarət etmişlər.

***

Akademiyanın Şəki Regional Elmi Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə mərkəzin 32 nəfər əməkdaşı üçün Gədəbəydə keçirilən “Milli Yaylaq Festivalı”na 1 günlük gəzinti təşkil edilmişdir. Gəzinti zamanı əməkdaşlar bu dilbər məkanın gözəl təbiəti, görməli yerləri ilə tanış olmuş, milli mədəniyyətimizin nümunələrindən zövq almışlar.