Mərkəz miqrantların hüquqlarının müdafiəsinə çalışır


Baxıldı : 84

Tarix : 2018-08-03 20:15:26


İordaniyada hökumət və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2013-cü ildə yaradılan “Al Hassan” İşçi Mərkəzi ölkədə çalışan miqrant işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasında və hüquqlarının müdafiəsində mühüm işlər görür. Əvvəl sənaye bölgəsində hazır geyim sektorunda çalışan 100-ə yaxın işçi üçün qurulan mərkəz hazırda başqa sektorlarda da müasir köləlik sisteminin aradan qaldırılması yönündə xidmət göstərir.

Ölkədə miqrant işçilərin çalışma standartlarının pozulması hallarına daha çıx rast gəlinir. Belə ki, miqrant işçilərin sənədləri onlardan alınaraq  ölkə xaricinə çıxışa icazə verilmir, nəzərdə tutulandan daha çıx işləməyə məcbur edilir.

BƏT dünyada 150 milyona yaxın miqrant çalışanın işəgötürən tərəfindən istismara məruz qaldığını, məcburi işə cəlb olunduğunu və hüquqi cəhətdən müdafiəsiz buraxıldığını bildirir. Mədəniyyət, dil və digər fərqlər nəzərə alınaraq onlarla ikinci sinif vətəndaş kimi davranılması, ölkədəki insan hüquq və azadlıqlarının miqrantlara şamil edilməməsi də rast gəlinən hallardanır. Hüquqları tapdalanan miqrant işçi çox vaxt məhkəməyə müraciət etməz. Çünki qanunvericilikdəki qarışıqlıq və məsələnin həllinin uzun vaxt alması onlar üçün əlverişli deyil. Lakin “Al Hassan” İşçi Mərkəzi Cənubi Asiyadakı miqrant işçilərə yardım edir. Onlar işəgötürənlərlə müştərək müqavilə imzalayıblar, sektor üzrə müəyyən həmkarlar ittifaqı təşkilatlarının üzvüdürlər və haqlarını hüquqi çərçivədə tələb edə bilirlər.

Mərkəzin fəaliyyətinə münasibət bildirən BƏT-in Hüquq Şöbəsinin baş texniki məsləhətçisi Filip Fişman deyib ki, əvvəllər miqrant işçilər qazanmaq şanslarının olmayacağını düşünərək hüquqları pozulduqda heç məhkəməyə müraciət etmirdilər: “İndi mərkəz bu yöndə onlara tam dəstək olur. Məhkəmələr bəzən uzun müddət davam edə bilir. Bu vaxt ərzində işçinin sosial təminatının xüsusi bir qurum tərəfindən təşkili təqdirəlayiq haldır. Biz bu nümunəni ehtiyac olan digər ölkələrdə də tətbiqini düşünürük.

Cavid SƏFƏROV