Məşğulluq dəstəyi sxemi çox gecikə bilər


Baxıldı : 69

Tarix : 2020-05-16 03:20:37



Avropa Birliyində  iş yerlərinin qorunması sxemi bu həftə imzalanmasa əhəmiyyətini itirə bilər. Həmkarlar ittifaqları xəbərdarlıq edir, koronavirus böhranı səbəbindən işçilərin 28 faizi işlərini müvəqqəti və ya daimi itirir. 
Xatırladaq ki, 100 milyard avro dəyərində ilk sxem (SURE)  təklif edildikdən bir ay sonra paket nəhayət üzv ölkələrin Avropa Şurasındakı səfirlərinin iclasında son dəfə müzakirə olunmalıdır.
İclas ərəfəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)  üzv dövlətləri fikir ayrılıqlarını aradan qaldırmağa və Avropa Şurasının prezidenti Çarlz Mişelin vəd etdiyi kimi, iyunun 1-dən tətbiq olunması üçün sxemi mümkün qədər tez imzalamağa çağırır.
Sxem yalnız məşğulluğun dəstəyinə yönəldilməli və işçilərin bütün kateqoriyalarını əhatə etməlidir. Bununla yanaşı, üzv dövlətlər əməkhaqqı kompensasiyasının ödənilməsini sürətləndirməlidirlər.
AHİK-in müraciəti əsasında “Eurofound”un yeni tədqiqatı göstərir ki, 
-Avropalıların 28 faizi böhran başlayandan bəri öz işlərini əbədi və ya müvəqqəti olaraq itirdiklərini söyləyir;
-Avropalıların yarısı (49,4 faizi) böhran başlayandan bəri iş vaxtlarının azaldığını söyləyir;
-Avropalı işçilərin 15 faizi növbəti 3 ay ərzində iş yerlərini itirəcəklərinə inanır, bu rəqəm Bolqarıstanda 34 faiz, Yunanıstanda 23 faiz və İtaliya, Portuqaliya, Polşa və digərlərində isə 20 faizdən çox artacaq;
-Avropalıların 6 faizi hesab edir ki, növbəti altı ay ərzində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalacaqlar;
 Bununla yanaşı, Avropa Həmkarlar İttifaqı İnstitutu tərəfindən edilən yeni araşdırma, qısamüddətli iş sxemləri üçün 42 milyon müraciətin olduğunu göstərir. Bu da 2008-ci ildəki maliyyə böhranı dövrü ilə müqayisədə xeyli çoxdur.
AHİK-in  Baş katibi Luka Visentini deyib ki, avropalı işçilərin dörddə birindən çoxu böhran dövründə daimi və ya müvəqqəti olaraq işsiz qaldıqlarını bildirdilər. Buna görə işçilər və şirkətlər onlara dəstək göstərilənə qədər gözləyə bilməzlər. 
Önümüzdəki aylarda milyonlarla işçinin iş yerlərini və evlərini itirməkdən narahat olması səbəbindən Avropa “SURE” haqqında danışmağı dayandırmalı və onu həyata keçirməlidir. Biz Avropa İttifaqı liderlərini öz fikir ayrılıqlarına son qoymağa və bu sxemi yekun olaraq təsdiq etməklə məsuliyyət göstərməyə çağırırıq. Dəstək, nəhayət, onların vətəndaşlarına və iqtisadiyyatlarına çata bilsin.
Əks təqdirdə sxemin həqiqətən hər hansı bir işi xilas etmək üçün çox gec olacağından və bu böhrandan sonra bərpa işlərinin daha da çətinləşəcəyindən qorxuruq.