Məsuliyyət hissinin təşviqi mühüm əhəmiyyət daşıyır


Baxıldı : 362

Tarix : 2020-07-27 04:50:54


 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilmişdir. İclasda son günlər Tovuz rayonunda düşmənin hücumunun qarşısını alarkən şəhid olmuş əsgər və zabitlərimizin, həmçinin dinc əhalinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra gündəlikdə duran məsələlərlə bağlı müzakirələrə başlanıldı.

İclasın gündəliyində duran hər iki məsələ - ərizə və şikayətlərə baxılması və pandemiya ilə əlaqədar görülən işlər barədə Rəyasət Heyəti üzvlərini iclasın moderatoru - Respublika Komitəsinin sədr əvəzi Rəşad Səfərov məlumatlandırdı. Birinci məsələdən danışarkən ilk növbədə diqqətə çatdırdı ki, indi insanların problemləri nisbətən çoxalıb. Onların bir çoxunun həmkarlar ittifaqlarının həm mənəvi, həm də maddi köməyinə ehtiyacı var. Belələrinin ərizə və şikayətlərinə təşkilatımızın bütün strukturlarında qayğı ilə yanaşılmalı, maksimum dərəcədə müsbət həllinə səy göstərilməlidir.
İkinci məsələ pandemiya ilə bağlı idi. Rəşad müəllim koronavirusun hələ də dünyanın başı üstündə dəhşətli təhlükə kimi asıldığını təəssüflə qeyd etdi. Onun qarşısını almaq, heç olmasa əsaslı şəkildə lokollaşdırmaq hətta dünyanı diktəsi ilə idarə edən nəhəng dövlətlərin belə gücü xaricindədir. Birinci, ikinci, üçüncü qorxunc dalğaları ilə insanların sağlamlığını təhlükə altına qoyur. Sərt karantin rejimini yumşaltmaq istiqamətində atılan hər hansı addımdan az sonra koronavirusa yoluxanların sayı inanılmaz həddə çatır.
R.Səfərov bu təhlükəli xəstəliyə qarşı mübarizədə məsuliyyətin və maarifləndirmə işinin xüsusi əhəmiyyət daşıdığını bildirdi. Dedi ki, həmkarlar ittifaqı təşkilatları daha çox insan kütləsi ilə birbaşa ünsiyyətdə olur. Bu ünsiyyətdən həmkarlar ittifaqları bəhrələnərək iş yerlərində, ailədə, cəmiyyətdə hər bir insanın həm özünün, həm yaxınlarının, həm də ictimaiyyətin sağlamlığı naminə Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə bağlı tövsiyələrinə riayət olunması barədə səmərəli təbliğat aparmaq imkanları var. Bu imkandan maksimum istifadə olunmalıdır.
Sədr əvəzi Hİ təşkilatlarını müəssisələrin maska, spirt, sabun və sair mübarizə vasitələri ilə təminatında köməyini əsirgəməməyə çağırdı.
Hər iki məsələ ətrafında müzakirələr aparıldı, maraqlı təkliflər irəli sürüldü və sonda müvafiq qərarlar qəbul olundu.