Məsuliyyətsizlik sosial problemləri artırır


Baxıldı : 123

Tarix : 2017-07-22 00:43:15


Ölkədə yeni inşa edilən binalardan mənzil alan vətəndaşların hüquqları Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən mütəmadi olaraq pozulur.  Bir-birinin ardınca tikilən, göz oxşayan bu binalar nə qədər rahat olsa da, bir o qədər də problemlidir. Ən vacib məsələ isə bu tikililərdə yaşayan vətəndaşların çox hissəsinin hələ də sənədlərə sahib ola bilməməsidir. Tam təhvil verilməyən bu binaların əksəriyyətində sayğaclaşma aparılmadığından sakinlər kommunal xərclərini aidiyyəti qurumlara deyil, binanın komendantına ödəyirlər. Belə hal bəzən sakinlərlə kooperativlər arasında narazılıqların yaranmasına səbəb olur. Çünki  MTK rəhbərliyinin qanunları kobud şəkildə pozması nəticəsində borclu sakinə görə borcu olmayanlar da işıq, qaz və su təchizatından mərhum qalırlar. Belə bir hadisə ilə Xırdalan şəhərinin mərkəzində tikilmiş binanın sakinləri də üzləşiblər. ''Kristal'' M.V.U adlı şirkət tərəfindən inşa olunan binada artıq altı ilə yaxındır ki, sakinlər işıq pullarını hər ay komendanta ödəsələr də, elektrik enerjisinə borc yaranıb. Və nəticədə mənzil sahibləri  günlərlə işıqsız qalıb.

 "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov dedi ki, hündürmətəbəli bina Dövlət Qəbul Komissiyasına (DQK)  təhvil verilməmiş vətəndaşların binaya köçürülməsi, habelə kommunal xidmətlərlə təmin edilməsi qanunaziddir.  Qanunla müvafiq qurumlar birmənalı şəkildə bu binaları kommunal xidmətlərlə təchiz etməzdən qabaq MTK rəhbərliyindən DQK-nın sənədini tələb etməlidirlər.

"Hündürmərtəbəli binalardakı problemlər kütləvi xarakter daşıdıqca, sosial problemə çevrilməkdədir.  O binalarda ki, ümumiyyətlə, elektrik enerjisinə və ya digər kommunal xidmətlərə görə istifadənin  pulu komendant tərəfindən yığılırsa, deməli, orada texniki şərt yoxdur. Ona görə də bu binalarda kommunal xidmətlər qeyri-leqal yollarla həyata keçirilir. Hesab edirəm ki, bu istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır". Bunu mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı dedi.

Bəs hazırda belə tikililərdə yaşayan sakinlər hüquqlarını necə qoruya bilər?

Müsahibimiz qeyd etdi ki, komendantın qaz, su, işıq təchizatına hər hansı formada müdaxilə etməsi yolverilməzdir. Buna görə qanunvericilikdə çox ciddi şəkildə inzibatı cəza tədbirləri, böyük cərimə sanksiyaları mövcuddur. Hətta dövlət tərəfindən istismara qəbul olunmayan, dövlət aktı verilməyən binaların əksəriyyətində belə texniki şərtlər mövcuddur.  Texniki şərtlər MTK ilə müvafiq icra hakimiyyəti orqanları arasında qarşılıqlı müqavilələri tənzimləyən sənəddir. Hansı ki, bu texniki şərtlər əsasında binalarda müvafiq kommunikasiya qurulmasına icazə verilir. . Belə qanun pozuntuları zamanı istehlakçılar  müvafiq icra hakimiyyəti orqanlarına rəsmi qaydada müraciət etməlidirlər. Məsələn, enerjiyə ayrılan sərfiyyatı dəqiq müəyyənləşdirmək üçün mütləq şəkildə hər bir mənzilə  sayğac quraşdırıldıqdan  sonra binaya elektrik enerjisi verilməlidir. Bu məsələlərə, sözsüz ki,dövlət tərəfindən nəzarət olunur. Amma. çox təəssüflər olsun ki, bəzi hallarda və yaxud hansısa subyektiv məqamlara görə belə bir problemlər nəzərdən qaçır.

Əsli ƏHMƏDOVA