Metronun bağlanması avtobuslara tələbatı artırdı


Baxıldı : 1701

Tarix : 2020-07-27 04:32:43



Avqustun 5-dək sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar metronun fəaliyyəti dayandırılıb. Və bu da avtobuslara tələbatı artırıb. Hazırda metro stansiyalararası sərnişinlər ekspres avtobuslarla (M1, M2) daşınır. Ancaq mövcud vəziyyət göstərir ki, pik saatlarda ekspres avtobuslarda sıxlıq yaşanır. Metronun fəaliyyətinin dayandırılması virusa yoluxma hallarının qarşısını almaq məqsədi daşısa da, hazırda əks vəziyyət müşahidə olunur. Çünki ictimai nəqliyyatda sıxlıq virusun yayılması üçün münbit şərait yaradıb. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələyə aydınlıq gətirdi: “Sərt karantin rejiminin tətbiq edilməsi ilə bütün sərnişindaşımada yük avtobusların üzərinə düşdü.  BNA tərəfindən 7 sayda ekspres atobus xəttə buraxıldı. Bu gün şəhərimizdə gündəlik qeydə alınan sərnişin sayı təxminən 1 milyon, 1 milyon 200 min arası dəyişir. Sərnişin sayına da uyğun olaraq, keçənilki dövrlə müqayisədə bu gün xəttə buraxılan avtobusların sayı 15-20 faiz çoxur. Yəni əvvəllər yayda məktəblərin tətildə olduğu, təhsil müəssisələrinin işləmədiyi bir vaxtda əgər xətdə 1400 avtobus buraxırdıqsa, bu günlər mövcud vəziyyətlə xətdə 1850-dən artıq avtobus çıxarılır. Bundan əlavə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən yollara nəzarət olunur, xüsusən də sərnişin tələbatı çox olan istiqamətlərdə nəqliyyat axını ilə sbağlı kütləvi tədbirlər görülür ki, avtobuslar sıxlıqda qalıb əlavə vaxt itkisinə məruz qalmasınlar. Bunlar hamısı sərnişin axınına təsir edən məsələlərdir. Bundan başqa, xəttə 18 metrlik avtobuslar cəlb olunub və bütün zəruri addımlar atılıb. Yəni mövcud vəziyyətlə bağlı sərnişin sıxlığının aradan qalxması üçün maksimum tədbirlər həyata keçirilir”. 
M.Ağayev bildirdi ki, yalnız metrostansiyaları əlaqələndirən 7 ekspres marşrut xətti üzrə 100 ədəd gündəlik avtobus xəttə çıxarılır. Bir o qədər də avtobus ehtiyat olaraq saxlanılır və həmin ehtiyat avtobuslar da axşam pik saatlarda bütünlüklə xətlərə çıxarılaraq sərnişindaşımaya cəlb olunur: “Avtobuslararası intervala gəldikdə isə onu qeyd etmək istəyirəm ki,  nəzarət-dispetçer məntəqələri tərəfindən mütəmadi olaraq, vaxta nəzarət olunur. Maksimum 10 dəqiqə gecikmə ola bilər, ondan artıq gecikmə, demək olar ki, olmur”.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov sərt karantin müddətində metronun bağlanmasının yerində verilmiş qərar olduğunu bildirdi: “Düzdür, metropolitendə müəyyən zəruri təhlükəsizik tədbirləri həyata keçirilirdi, ancaq buna baxmayaraq, yenə də koronavirusun yayılması üçün orada müəyyən bir munbit şərait var idi”. 
Ekspert təklif etdi ki, sıxlığın qarşısını almaq üçün ya xəttə əlavə avtobuslar cəlb olunmalıdır, ya da ki, avtobuslararası interval qısaldılmalıdır. Digər tərəfdən də düşünürəm ki, müəssislərdə iş saatlarının başlama və bitmə vaxtlarının dəyişdirilməsi də çıxış yolu ola bilər. 

Aliyə SƏMƏDOVA