Metropolitendə koronavirusla bağlı profilaktik işlər aparılıb


Baxıldı : 71

Tarix : 2020-03-06 17:25:25


Koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər paytaxtın ən çox istifadə edilən, əhalinin sıx toplaşdığı məkanlardan biri olan metropolitendə də davam etdirilir.

“Bakı Metropoliteni” QSC-nin rəhbər və mütəxəssis heyətinin nəzarəti altında dezinfeksiya işləri təkcə vaqonlar və stansiyaları deyil, metropolitenin bütün müvafiq sahə və iaşə obyektlərini də əhatə edir.

Tədbirlər planına uyğun olaraq növbəti profilaktik əməliyyat “Nərimanov” elektrik deposunun yeməkxanasında həyata keçirilib. Profilaktik tədbir nəzarətdə saxlanılır. Budəfəki tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbəsinin etimadlı həkimi, Metropoliten İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi və əməyin texniki müfəttişi də iştirak ediblər. Onlar profilaktik tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.