Məvacibin gecikməsinə qarşı tətil


Baxıldı : 36

Tarix : 2019-10-28 05:06:34


Ukrayna kömür mədəni çalışanları maaşlarının ödənilməsi tələbi ilə tətil kampaniyası elan edib. Hökumət ödənişlər üçün maddi vəsait ayırsa da, məvaciblər  ödənilmir. 30 mindən çox işçinin  ümumilikdə 47 milyon ABŞ dolları dəyərində maaşı ödənilməyib. Ukrayna Mədən İşçilərinin Müstəqil Həmkarlar İttifaqı (UMİMHİ) və Ukrayna Kömür Sektoru İşçiləri Həmkarlar İttifaqı (UKSİHİ) bütün üzvlərini tətil aksiyasına dəstək verməyə çağırıb. UMİMHİ baş katibi Mixayla Volinets verdiyi açıqlamada deyib ki, mədənçilər 3 aydır əməkhaqqını ala bilmir. Bəzi ödənişlər hətta 2016-cı ildən ödənilməyib. Üzvlərimiz tətil etdikləri üçün fiziki və psixoloji basqılara məruz qalırlar.

UKSİHİ baş katibi Viktor Turmanov məsələ ilə bağlı bildirib ki şaxtaçılar aylardır  maaşlarının ödənilməməsinə etiraz edir: Dövlətə aid  kömür mədənlərində 52 min işçi çalışır və əksəriyyətinin maaş ödənişində gecikmələr onları maddi problemlərlə üz-üzə qoyub.

Hər iki həmkarlar ittfaqı təşkilatı  daha öncə  də bölgələrdə borcların ödənilməməsi ilə bağlı aksiyalar keçiriblər. 2019-cu il dövlət büdcəsi təsdiqlənərkən hökumətə borcların ödənilməsi ilə bağlı müraciət olunaraq  büdcədən pul ayrılması təklif edilib. Təklif parlamentdə müzakirə olunduqdan sonra təsdiqlənmək üçün prezidentə ünvanlanıb.

Həmkarlar ittifaqları borcların il sonuna qədər tamamilə ödənilməsini tələb edirlər. Onlar tələbləri yerinə yetirilincəyə qədər aksiyalar və tətillər keçiriləcəyini bildiriblər.

İndustriALL Qlobal İttifaqı Ukraynadakı üzv təşkilatlara dəstək verib, hökumətə maaşların ən qısa zamanda ödənilməsi üçün dövlətə müraciət ünvanlayıb.