Məzuniyyətə çıxarkən məzuniyyət müddətimin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə vermişəm


Baxıldı : 363

Tarix : 2020-06-19 16:16:59


Məzuniyyətə çıxarkən məzuniyyət müddətimin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə vermişəm. Ərizəmi geri götürə bilərəmmi?

 

Sevda QARAYEVA,

Bakı şəhəri.

 

- Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilir. Sizi maraqlandıran məsələ isə həmin maddənin 6-7-ci hissəsində qeyd edilmişdir.

Qanunvericiliyə əsasən, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək yenə də müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

 

 

 

3 körpə uşağım var. Məzuniyyətə çıxarkən mənə neçə gün əlavə məzuniyyət verilməlidir?

 

Aidə SƏLİMOVA,

Şəki şəhəri.

 

- Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara, uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda saxlanılır (Əmək Məcəlləsi, maddə 117).

 

Hamiləliyə və doğuma görə məzuniyyətim qurtardığı gündən işə qayıtmışam. Mən daha yüngül işə keçsəm, əməkhaqqım necə hesablanacaq?

 

Samirə QULİYEVA,

Gəncə şəhəri.

 

- Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

Yaşyarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaşyarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.

Qadınlar başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əməkhaqqı saxlanılır.

Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əməkhaqqının azaldılması qadağandır (ƏM, maddə 243).