Məzunlar mükafatlandırıldı, gənc müəllimlər and içdilər


Baxıldı : 48

Tarix : 2017-09-23 01:19:52


Yeni dərs ili ərəfəsində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi rayon icra hakimiyyəti və təhsil şöbəsi ilə birlikdə bir neçə tədbirə təşkilatçılıq etdi. Avqust ayının sonlarında keçirilən “Təhsil bayramı"na rayon ictimaiyyətinin nümayəndələri, valideynlər və tam orta məktəblərin 354 nəfər məzunu dəvət olundu.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov,  Milli Məclisin deputatı Novruzəli Aslanov və başqaları çıxış edərək yeni dərs ilinin başlaması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırdılar, onlara uğurlar arzuladılar.

Sonra qəbul imtahanlarında yüksək nəticə göstərmiş 88 məzuna və 15 qabaqcıl müəllimə qiymətli hədiyyələr təqdim olundu.

Bu ildən 88 nəfər gənc müəllim ilk dəfə olaraq rayon məktəblərində əmək fəaliyyətinə başlayacaq. Rayonda mövcud olan ənənəyə görə, gənc müəllimlər ictimaiyyət qarşısında təntənəli and içməlidirlər. Dərs ili ərəfəsində təşkil olunmuş gənc müəllimlərin andiçmə mərasimində rayon ictimaiyyəti də iştirak etdi.

Mərasimdə rayonun adlı-sanlı, əməyi dövlətimiz tərəfindən mükafatlara, fəxri adlara layiq görülmüş pedaqoqlar çıxış etdilər, gənc müəllimlərə tövsiyələr, məsləhətlər verdilər, öz təcrübələrindən danışdılar.

 

Bəyalı RZAYEV