MİHİ RK  AZƏRTAC-ın bir qrup əməkdaşını mükafatlandırıb


Baxıldı : 84

Tarix : 2020-03-06 17:30:49


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı    (MİHİ) Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyi münasibətilə martın 4-də agentliyin kollektivi ilə görüşüb, təmsil etdiyi qurumun adından təbriklərini çatdırıb.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov həmkarlar ittifaqlarının cəmiyyət həyatındakı önəmli rolundan danışaraq qeyd edib ki, 100 yaşlı agentliklə Respublika Komitəsi arasında işgüzar əlaqələr və xoş münasibətlər mövcuddur. Cəmilə Səttarovanın xidmətlərini yüksək qiymətləndirən İdarə Heyətinin sədri deyib: “Siz böyük təşkilatçılıq bacarığınız və zəngin təcrübəniz, insanlara həssas münasibətiniz sayəsində uzun illərdir bu gərəkli işin və məsul vəzifənin öhdəsindən məharətlə gəlirsiniz. Minlərlə işçinin sağlamlığı, istirahəti və digər həyati problemləri ilə bağlı məsələlərin həllinə həmişə diqqətlə yanaşırsınız. Bu qayğıdan AZƏRTAC-ın kollektivinə də pay düşür və buna görə sizə minnətdarıq”.

Agentliyin ötən 100 ildə keçdiyi inkişaf yolundan danışan Aslan Aslanov ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin KİV-ə hərtərəfli dəstəyi sayəsində AZƏRTAC-ın dünya informasiya məkanında layiqli yer tutduğunu, əməkdaşların iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atıldığını vurğulayıb.

MİHİ RK-nın sədri Cəmilə Səttarova yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rəsmi dövlət informasiyasının əsas mənbəyi olan AZƏRTAC-ın ölkədə obyektiv və peşəkar xəbər təminatı sahəsində ön sıralarda getdiyini vurğulayan Cəmilə xanım təmsil etdiyi qurumun fəaliyyətinin hərtərəfli işıqlandırılmasına görə minnətdarlığını bildirib.

Görüşdə MİHİ RK adından AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova xatirə hədiyyəsi təqdim olunub, bir qrup əməkdaş Fəxri fərmanlarla mükafatlandırılıb.