Milli azadlıq hərəkatı qanlı yanvar gecəsi və əbədi müstəqillik


Baxıldı : 211

Tarix : 2017-01-18 22:17:51


Yanvarın 18-də Bakı Qida Sənayesi Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə sərgi və fotostendlə tanış olmuş, ədəbi-bədii kampozisiyaya baxmışlar. Sonra kollecin kitabxanaçısı Firuzə Xəlilova qanlı 19 yanvar gecəsində paytaxtımızda, eləcə də respublikamızın müxtəlif bölgələrində xalqımıza qarşı törədilən qırğınlardan danışmışdır.

Demişdir ki, keçmiş SSRİ-nin xüsusi xidmət orqanları 1990-cı il yanvarın əvvəllərində yerli emissarların köməyi ilə paytaxtımızda ixtişaşlar törətdilər. İxtişaşları bəhanə gətirərək dərhal Bakıya qoşun yeritdilər. Respublikamız informasiya blokadasına alındı. Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Məqsəd, əlbəttə, süni yaradılmış ixtişaşları yatırmaq yox, xalqımızın milli azadlıq hərəkatını boğmaq idi. Həmin günlərdə respublika üzrə 147 nəfər öldürüldü. 744 nəfər yaralandı. 841 nəfər qanunsuz həbs olundu.

Belə ağır və müsibətli bir vaxtda xalqımızın qəhrəman oğlu Heydər Əliyev, Moskvada xüsusi nəzarət altında saxlanmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Sovet ordusunun Bakıda törətdiyi qanlı cinayəti kəskin pisləyən bəyanat verdi.

Tədbirdə 20 Yanvar qırğınlarına dair digər çıxışlar da dinlənildi.

Bəyalı RZAYEV