Milli azadlıq hərəkatını boğa bilmədilər


Baxıldı : 132

Tarix : 2018-01-26 20:36:31


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi. Əvvəlcə şəhidlərin ruhu birdəqiqəlik sükutla yad olundu.

Akademiyanın tədris işləri üzrə prorektoru Sirac Məmmədov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi qətliamı insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi dəyərləndirdi. Bu qətliamın xalqımızın milli azadlıq mübarizəsini boğmaq məqsədi daşıdığını söylədi. Dedi ki, bütün cəhdlərinə baxmayaraq onlar xalqımızın müstəqillik əzmini qıra bilmədilər.

Prorektor ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də, sovet rejiminin qadağalarına  baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırdı.

Akademiyanın tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun 20 Yanvar faciəsi ilə əlaqədar məruzəsi dinlənildi.

Anım tədbiri “20 Yanvar” faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.