Milli ixracın rəqabət qabiliyyəti möhkəmlənəcək


Baxıldı : 189

Tarix : 2015-10-17 00:50:00


Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) milli istehsalçıların ixrac imkanlarının artırılması üçün ticarətdə bir sıra stimullaşdırıcı addımların atılmasını və güzəştlərin edilməsini məqsədəuyğun sayır. Konfederasiyanın prezidenti Məmməd Musayevin sözlərinə görə, yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ilin ötən dövrü ərzində dünyanın bir çox dövlətlərində fəaliyyət göstərən müxtəlif təşkilatlarla, o cümlədən işəgötürənlər təşkilatları və assosiasiyalarla 78-dən çox əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilələr ölkələrimiz arasında biznes əlaqələrinin genişləndirilməsi və daha səmərəli nəticələr əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Konfederasiya ölkəmizdə aqrar sahədə yeni hədəflərə nail olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə yeni əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır. Müqaviləyə əsasən, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla, aqrar bölmədə dövlət siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində əməkdaşlıq etmək kimi vəzifələr qarşıya qoyulacaq. ASK müxtəlif regionlarda, xüsusilə də Ağcabədi, Xaçmaz regional nümayəndəliyində fermerlərin könüllü birgə təsərrüfatçılığın təşviqi istiqamətində təbliğat xarakterli işlər aparır.Elbrus