Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb


Baxıldı : 75

Tarix : 2018-11-17 04:42:18


Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Üç gün davam edən iclasın gündəliyinə 11 məsələ daxil olub.

İclasda əvvəlcə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Deputatlar həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə də baxıblar.

“Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu növbəti ildə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunub.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında məsələlər də müzakirə edilib.

Parlamentdə müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə noyabrın 23-dək vaxt verilib.

Eyni zamanda gündəlikdəki digər məsələlər müzakirə edilib. Deputatlar “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələrə də baxıblar. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Daha sonra “Notariat haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Bununla da noyabrın 15-də Milli Məclisin plenar iclası

başa çatıb.